top of page

"Əgər sağalmasaydın qardaşın iynə vurub öldürəcəkdi səni"- Azərbaycanlı Transgenderin Hekayəsi

"4 ya da 5 yaşım vardı. Özümü ilk tanıyanda elə bilirdim oğlan uşağıyam. Həmişə maşınlarla oyuncaqları ilə oynayardım. Məhlədə futbol oynamaqla keçib uşaqlığım. 13 yaşım olanda sinif yoldaşımdan xoşum gəlirdi amma bir tərslik var deyə düşünürdüm. Qadın bədənində olsam da özümü bir kişi kimi hiss edirəm və bir qızı dəlicəsinə sevirəm. Zaman keçdikcə bu qoxutmağa başladı məni. Bəlkə xəstəyəm? Güzgüyə baxanda özümü görmürdüm sanki. Belə yaşaya bilmirdim buna görə psxoloqa getdim. O isə məni psxiatrisə yönləndirdi. Psxiatrist mənə dedi ki dünyada sənin kimi hiss edən milyonlarla insan var. O hər şeyi mənə başa saldı. Evə qayıdanda ilk işim google'da "trans nedir?" yazmaq oldu. Niyə insan belə olur, səbəbləri falan filan hamısınl araşdırdım. O zaman 18 yaşım vardı və 20 yaşıma kimi özümü qəbul edə bilmirdim. Xarici ölkələrin birində universitetə qəbul oldum və getdim. 20 yaşımda artıq hər şeyi dərk etdim və kimliyimi qəbul etməyə başladım."



Aydının (ad şərtidir) hazırda 23 yaşı var. Azərbaycanın qərb bölgəsində kəndlərin birində yaşayır və xəstəxanada tibb bacısı olaraq işləyir. Trans kişidir. Öz kimliyini qəbul etmə prosesi çetin olub lakin daha böyük çətinliklər bunu ailəsi ilə bölüşərkən yaşanıb.


"Universitet təhsilim bitirdikdən sonra ailəmə açılma qərarı aldım. Qardaşım həkimdi məni ən yaxşı o başa düşər deyə fikrləşib ilk ona dedim. Kaş ki deməyəydim... Türkiyədə tibbi təhsil almağına baxmayaraq çox dar düşüncəli biri imiş. Mənə "sən psxoloji xəstəsən, ne qələt edirsən elə amma ailəmizə bunu demə" dedi. Həmin ərəfələrdə mən universitetdən təzə məzun olmuşdum. Türkiyədə işə qəbula müraciət üçün sənədlər toplayırdım."


Səhəri gün Aydın hər şeyi anasına danışıb və hər şey də bundan sonra olub.


"Dediyimdən bir gün sonra məni evə Azərbaycana gətirdilər. "Sən xəstəsən! Tək yaşamaqdan psxologiyan pozulub" dedilər. Anama hər şeyi izah eləməyə çalışdım amma şiddət gördüm. Hər gün dava-dalaş idi evimizdə. Qohumlarımızdan biri ginekoloq idi. Rusiyada təhsil almışdı. Məni onun yanına apardılar. Azda olsa məni anlayacağına ümidim var idi. Amma hər şey tam tərsinə oldu. Orda məni məcbur edib bəkarət pərdəsinə qədər baxdılar. Həmin həkim dedi ki evlilik yaşına çatdığım üçün kişi istəyirəm."


Daha sonra qardaşı bu məsələyə müdaxilə edib və öz yanı Türkiyəyə çağırıb.


"Ailəmlə birgə Türkiyəyə getdik. Orda həbsxana həyatı yaşayırdım. Sırf kimsə bilər qardaşımın nüfuzuna xələl gələr deyə məni həkimə belə aparmırdılar. Yalvardıqdan sonra ailəmi məni psxiatr yanına aparmağa razı saldım. Həkim "mən heç nə edə bilmərəm. Bu doğuşdan olan bir haldır" dedi və evə qayıtdıq. Evdə yenə məni döydülər."


Bütün bu şiddət halları Aydının həyatını qaraltmağa başlamışdı.


"Ailəmin son "diaqnoz"u o oldu ki guya mən uşaq vaxtı təcavüzə uğramışam hazırda da onun fəsadlarını yaşayıram."

"Məni döyə-döyə don, yubka geyindirirdilər. Daha çox "qız kimi" davransam düzələcəyimi düşünürdülər. Hətta işləməyə belə qoymurdular"


Dözülməz həyatda çıxış yolu axtaran Aydın nəhayətki bir yol tapa bilir.


"Artıq onların istədikləri kimi davranmağa başladım. Belə davrandıqca "bax, sağalırsan yavaş-yavaş" deyirdilər. Bu məndə daha çox nifrət yaradırdı. Bundan sonra 1 il boyunca işləməyə icazə verdilər, lakin bir ilin tamamında "sənin evlənmək yaşın ötür" deyib Azərbaycana geri göndərdilər."


"Anam İqtisad Universiteti, atam Turizm, qardaşım isə xaricdə tibb universitetini bitirib. Haranıda bitirsən dünya görüşün dar olduqdan sonra heçnə oxumağın mənası yoxdur"

"İstədikləri kimi davranmağa başlayandan sonra atamın mənə dediyi bir sözü heç vaxt unutmaram:

"Əgər sən sağalmasaydın qardaşın iynə vurub öldürəcəkdi səni"

Aydının sözlərinə görə həyatda tək yaşama səbəbi əməliyyat olub özü kimi yaşamaq ümididir.


"Əgər çıxış yolum olmasa sonda kağız üzərində formal evlilik qurub 1il sonra boşanacam. Sonra buralardan çıxıb getməyi düşünürəm."


Aydın deyir ki Azərbaycanda onun kimi transgender fərdlərə yaşamaq çox çətindir. O, burda işləyib biraz pul yığdıqdan sonra dərhal buranı tərk etməyi planlayır.


"Bu həyata bir dəfə gəlirik və ömrümüzün nə qədər olduğunu bilmirik. Bu həyata yaşamaq üçün gəlirik ona görə də özümüz üçün yaşamalıyıq. Yola çıxmadan qabaq insan qorxur amma ilk addımdan sonra görürsənki istəsən hər şeyə nail ola bilərsən"


 

Bunlara da bax:

204 görüntüleme

Comments


bottom of page