Sakitlikdir. Beş nəfərin işlədiyi kiçik gözəllik salonunda hər gün olduğu kimi bu gün də işçilər öz müştərilərinin yolunu gözləyirlər. Son zamanlar ölkədə baş verən hadisələr bu biznesə də öz təsirini göstərib. Pandemiyanın gətirdiyi məhdudiyyətlərdən əlavə, müharibə və ondan sonrakı dövrdə də müştərilər yollarını gözəllik salonundan kənar salıblar.
Salonda çalışan saç ustalarından biri Loreni də bu boşluq narahat edir və o, hər gün müştərilərinin yolunu hamıdan daha çox həyəcanla gözləyir. Çünki salon onun həm özünü tapdığı, həm də özünü rahat hiss etdiyi ortamlardan biridir.
Loren uşaq yaşlarından incəsənətə çox həvəsli olub. Həmişə ya aktrisalıq, ya da ümumilikdə incəsənətin hansısa bir sahəsində işləyəcəyini xəyal edib. Uşaqlıq əyləncələrindən biri insan gözü çizməsi, daha sonra onu “makiyaj’ etmək olub. Məktəbi bitirdikdən sonra, atası onun incəsənətə yönəlməyinə qarşı olduğu üçün o, tamamilə fərqli sahədə təhsilini davam etməli olub. Ancaq paralel olaraq öz arzusunu reallaşdırmaq üçün çıxış yolları axtaran Loren yaxın rəfiqələri və dostları vasitəsi ilə salonların birində kurslar götürməyə başlayıb: “Tələbə olduğum salonda ustalar məni o qədər sevib dəstək olmuşdu ki! Bugünədək onlarla ünsiyyətimiz davam edir. Ustalarım hələ də mənimlə maraqlanırlar. Bu barədə özümü dolğun və çox xoşbəxt hiss edirəm”.
Yaxın illərdə Loren peşəsində daha da təkmilləşib öz şəxsi salonunu açmaq arzusundadır. “İşlədiyim bu məkanda özümü çox xoşbəxt hiss edirəm. Əlbəttə, bu, təkcə məkanla məhdudlaşmır, buradakı hərmənalı rahatlığı mənə bəxş edən müştərilərimlə olan səmimi ünsiyyətdir”, – deyən Loren artıq 7 ildən çoxdur ki, peşəkar stilist peşəsində fəaliyyət göstərir.
O, hesab edir ki, iş yoldaşları və müştəriləri tərəfindən sevilməsinin səbəbi özünü olduğu kimi göstərməsidir: “Trans qadın olduğumu gizlətmirəm, çünki bu, doğru olmazdı, sanki özümə xəyanət etmiş olardım. Bilmək olmaz, bəlkə, qadınlar (iş yoldaşlarım) öz aralarında şəxsi intim mövzuları müzakirə edirlər və məni özlərindən bilib, bir transgender qadının bilməsini istəmədiyi şeyləri danışa bilərlər. Mən axı inanclıyam, başqasının haqqı ilə bu dünyadan getmək istəmərəm. Bundan çox qorxuram”.
“Mən heç vaxt transgender olduğuma görə utanmamışam”
Loren dördüncü sinfə qədər Azərbaycanın ucqar bir kəndində böyüyüb. Daha sonra ailəsi ilə birgə Bakıya köçüb. O, öz keçmişini üç mərhələyə bölür, uşaqlıq illərində özünü tanıdığı həmcinslərindən heç vaxt ayırmayıb: “Mən elə bilirdim ki, bu, hamıda belədir. Gözümüz önündə böyüdüyümüz standart həyat tərzi vardı. Mənimlə eyni cinsi bölən insanlar 18 yaşına çatanda əsgərliyə gedir, sonra gəlib ailə həyatı qurur. Hərbi xidməti isə biz “kişilik məktəbi” olaraq bilirdik, mən də elə düşündürdüm ki, 18 yaşından ora gedib kişi olmağı öyrənirsən. Böyüyəndə isə hər şey dəyişir”.
Həyatının ikinci mərhələsi kimi yeniyetməlik dövründə o, özünü tək hiss etməyə başlayıb. Dediyinə görə, onun fiziki istəkləri və müəyyən inkişaf prosesi digərlərindən fərqləndiyinə görə bu, artıq onu sıxmağa başlayıb: “Mənim kimilər ya ətrafımda var idi və bunu gizlədirdilər, ya da bilmirəm… Mənimlə nə baş verdiyini başa düşmürdüm. İbadətlərimdə dua edirdim ki, yatıb yuxudan oyananda ya kişi kimi oyanım, ya da qadın. Ya duyğularım dəyişsin, ya cinsiyyətim”.
Lorenin məktəb illəri də yaşıdları tərəfindən istehzasız ötüşməyib. Yuxarı siniflərdə hətta xoşuna gələn bir oğlan tərəfindən də aşağılanıb. Dediyinə görə, onun bəxti orada gətirib ki, sinif yoldaşları onu çox sevib və həmişə onu müdafiə ediblər.
“İlk vaxtlar, gey dediyimiz o dövrdə sinifdə yalnız qızlarla qeybət edirdim, onlarla daha çox vaxt keçirib, sirlərimi bölüşərdim. Olduğum kimi göründüyümə görə sinif yoldaşlarım da məni qəbul edirdi”.
Əsas mərhələ isə Lorenin özünü tanıması olub. Bunu ona xaricdə yaşayan yaxın qohumu izah edib. Daha sonra o özü bunu araşdıraraq kim olduğunu anlamağa başlayıb. Loren deyir ki, məhz bundan sonra həyat onun üçün daha asanlaşıb; kim olduğunu istər hərbi komissarlıqda, istər universitetdə, istərsə də çalışdığı məkanlarda açıq şəkildə ifadə etməyə başlayıb. Feminin saç düzümü, geyimi və davranışlarına görə ona bir başa “xanım” deyə müraciət edirlər. Rəsmi sənəddə “oğlu” sözü insanları çaşdırsa da, Loren öz kimliyindən qorxmur.
“Çünki mən buyam. İnsan kimliyini gizlədəndə, sonra isə sirr üzə çıxdığında bu, nifrətə səbəb olur. Bilirsiniz, sən özünü sevməsən heç kəs səni sevməz. Mən heç vaxt transgender olduğuma görə utanmamışam.”
“Ailəmin məni qəbul etməsi atamın savadlı olması ilə bağlı olub”
Lorenin kimliyi onun ailəsi ilə münasibətinə mənfi təsir etməyib. O, atasının Almaniyada təhsil aldığını deyərək hesab edir ki, bu hal onun üçün yenilik olmayıb. Loren onu da qeyd edir ki, atası hələ uşaq yaşlarından onda baş verən dəyişikliklərdən məlumatlı olub. Hətta nə davranışlarına, nə də geyiminə sərt müdaxilə etməyib. Amma onunla heç vaxt bu barədə açıq da danışmayıb: “Təsəvvür edin, mən yeddinci sinifdən qaşlarıma düzəliş etməyə başlamışam. Atam bircə kəndə gələndə “qaşlarını alıb gəlmə” deyirdi. Anam etiraz etdikdə isə atam “mən qızlara o yaşda buna icazə verməyi qəbul etmirəm, qaldı o olsun. Hər şeyin öz vaxtı var” deyirdi”.
Lorenin kimliyi ilə bağlı qısa olsa da, valideynləri ilə münasibətdə bir müddət çətinliklər yaşanıb. Sözlərinə görə, uşaq yaşlarından onun ən böyük üstünlüyü – özünü hiss etdiyi kimi davranmağa, yaşamağa israr etməsi olub.
Həyatında bu günədək tək bir gün – bacısının toy günündə – digərlərinin istədiyi obrazda qalmağa məcbur olub: “Kiçik bacımı demək olar, mən böyütmüşəm. O, mənim üçün çox dəyərlidir. Onun toy günü yeganə gün idi ki, mən öz dediyimdən keçib, toya kostyum geyinib, saçlarımı yığmışdım”.
“Mənim üçün qadın obrazı anam, kişi obrazı isə atamdır…”
Lorenin qadınlar barədə mühafizəkar yanaşması var. O hesab edir ki, bir qadını qadın edən onun davranışı və geyim tərzidir. Qadınlara şalvar geyinməyi yaraşdırmayan Loren əksər vaxtlar uzun ətək və bağlı geyimlərə üstünlük verir: “Geyimlərimə özüm dizayn verməyi sevirəm. Eskizlər hazırlayıb, geyimlərimi həmin o eskizlərə görə tikdirirəm. Qadının şalvar geyinməsinə isə o qədər də müsbət yanaşmıram”.
Onun fikrincə, bir çox hallarda şəxsi kimlik məsələsinə yanaşma trans qadınlar tərəfindən də səhv təbliğ olunur. Müşahidələrinə əsasən bir çox transgenderlər özlərinə nümunə olaraq Aygün Kazımovanı götürüb, ona oxşamaq üçün xarici görünüşlərinə köklü dəyişikliklər etməyə meylli olurlar: “Mənim üçün qadın obrazı anam, kişi obrazı isə atamdır. Biz görmüşük ki, yağış yağanda, qadın yaylığı başına çəkər. Başa düşürsünüz? Aygün Kazımova mənim üçün nümunəvi qadın obrazı deyil”.
Loren müsəlmən cəmiyyətlərində transgender olmağın çətin olduğu məsələsinə də toxunur. Lakin onu da deyir ki, özünün yaşadığı həyat tərzinə və mühitə görə şanslı olduğunu vurğulayır. Buna görə dini inanclarına arxalanır və bu haqda şikayət etmir: “Həm də ona görə özümü rahat hiss edirəm ki, trans qadın olmağımı alın yazısı kimi qəbul edirəm. Əgər Allah tərəfindən qismətimə bu yazılıbsa demək bunu da yaşamalıyam”.
Yazdı və çəkdi: Aygün Rəşidova
Qeyd: Bu yazı ilk dəfə femmekan.com saytında dərc olunub.
Comentarios