top of page

"Kuir qadınların özlərini təhlükəsiz hiss edə biləcəyi mühitlər çox azdır”

34 yaşlı lezbiyan qadın Nigar həyatını ikili yaşayaraq keçirir. O, gündəlik yaşamında kuryer kimi fəaliyyət göstərir, skuter və velosiped sürməyi sevir və 9 ilə yaxındır ki, partnyoru ilə birlikdədir. Lakin ailədə o, tamamilə fərqli olmağa məcburdur, səbəb isə hələ də “kaminq aut” edə bilməməsidir, yəni ailəsi onun lezbiyan kimliyindən xəbərsizdir.

lezbiyan qadın

“Onlarla heç vaxt LGBTİQ+ haqqında danışmamışam və bundan söhbət də düşməyib. Deyəcəyim halda neqativ şeylər baş verə bilər”,- deyərək Nigar əlavə edir ki, atası Rusiyada işləyir, qardaşı ondan kiçik olsa da, mühafizəkar təfəkkürlüdür.


O düşünür ki, əgər ailəsinə lezbiyan olduğunu desə, onu həm evə qapada, həm də sevgilisindən ayıra bilərlər.


“Ailəm sevgilimi rəfiqəm kimi bilir. Geyimlərimi çox zaman anam alır, stilimi nəzarət altında saxlamağa çalışır. Bilir ki, mən daş-qaşlı yox, yazılı paltar xoşlayıram. O isə gedib daş-qaşlı alır, mən də xətrinə dəyməmək üçün geyinirəm. İkili həyat yaşayıram, evdə “yaxşı qız” roluna girirəm”, – deyə o bildirir.


Nigarın sözlərinə görə, bu yaşına qədər kaminq aut etməməsinə baxmayaraq, yerli və xarici platformalarda çıxış edib, hətta klipə də çəkilib. Düşünüb ki, ailəsi bunu görsə, onun cinsi oriyentasiyası anlaşılar və o da artıq bu sirri saxlamaq yükündən qurtular.

azeri lezbian qadın

Əks tədqirdə bu üzə çıxmasa və onu ailə qurmağa məcbur etsələr, Nigar həll yolu kimi formal evliliyi düşünür: “Bu da Azərbaycanda bir az çətindir, bəxt söhbəti var”.


Ətrafındakı hamı 9 illik birlikdə olduğu partnyorunu Nigarın rəfiqəsi kimi bilir. Deyir ki, köçüb xaricə getmək istəsələr də, hara və necə gedəcəklərinə dair bir fikirləri yoxdur. Kimdən kömək istəyəcəklərini də bilmirlər.


Ailədə cinsi kimliyini açıqlaya bilməyən digər müsahib isə təhlükəsizliyi üçün anonim qalmaq istəyən 22 yaşlı biseksual qadındır.

gizli qadin

Onun sözlərinə görə, ailəsi konservativ düşüncələrin-patriarxatizmin və mental dəyərlərin izlərini daşıyır.


“Ailəmin LGBTİQ+lara münasibəti mənfidir. Qorxulu təhdid, və ya qısıtlamalar gözləmirəm, müsbət qəbul da gözləmirəm”, – deyə o vurğulayır.


Dediyinə görə, ailəsini kaminq aut etməyə hazırlaşdırmasa belə, evdə fobik yanaşmalardan söhbət düşəndə hər zaman etiraz edib və müdafiəyə qalxıb. Lakin bunu tam etməyə də çalışmayıb, çünki özünə “baş ağrısı” yaratmaq istəmir.

“Həmcinsim ilə münasibətim olanda birbaşa kaminq aut edəcəm, çünki bunu icazə almaq üçün yox, sadəcə özümü ifadə etmək üçün deyəcəyəm”.



Demokratik Təşəbbüslər İnsitutunun 2019-cu ildə LGBTİQ+ hüquqlarına dair dərc etdiyi hesabatda deyilir ki, LGBTİQ+lar gey, lezbiyan, biseksual və transgender olaraq kaminq autu çox nadir hallarda edirlər.


“LGBTİQ+ şəxslər bunun verə biləcəyi nəticələrdən qorxurlar. Nəticə olaraq, belə insanlar ikili həyat sürməyə məcbur olub, LGBTİQ+ olduqlarından utanırlar”, – deyə hesabatda qeyd olunur.


İnstitutun LGBTİQ+lar arasında apardığı müsahibələrə əsasən, bəziləri gender kimliklərini ailələrinə bildirmək üçün onları uzun müddət hazırlasalar da, digərləri baş verə biləcək təhlükələrin qarşısını almaq üçün öz maddi müstəqilliklərini təmin etdikdən sonra ayrı evdə yaşamağa və xarici ölkələrə köçməyə üz tuturlar. Aparılan müsahibələrdən o da üzə çıxıb ki, bəzilərinin “kaminq aut” hekayələri ailə üzvlərinin zorakılığı, sosial imtina, məcburi evlilik və normallaşdırma, yəni məcburi müalicəyə cəlb olunma ilə nəticələnib.


Gender və Tərrəqi Təşkilatı bununla bağlı 2013-cü ildə ölkənin paytaxt və iki daha böyük şəhərində sorğu keçirib. 100 nəfər arasında aparılan sorğudan məlum olub ki, cəmi 48 nəfərin ailəsi onların cinsi oriyentasiyasından xəbərdardır.


“25 nəfərin kaminq autu onların öz xoşu ilə olsa belə, 23 nəfərinki bilmədən, yaxud kiminsə deməyi ilə baş verib”, – təşkilatın sədri Kamran Rzayev “Femmekan”a deyir. Onun sözlərinə görə, kaminq aut edən qızların çoxunu evdə dustaq edirlər. Məsələn, bir qızı bu səbəbdən iki il evə qapadıblar.


Rzayev qeyd edir ki, təşkilat olaraq belə hadisə ilə iki il bundan əvvəl üzləşiblər. Rusiya vətəndaşı olan Sevgiya adlı qızı anası aldadaraq Bakıya gətirdib və evdə dustaq saxlayaraq məcburi şəkildə evləndirməyə cəhd edib.


O, anası tərəfindən üzləşdiyi təzyiqlərlə bağlı ictimaiyyətə müraciət edərək kömək istəyib. Bundan sonra sığınacağa yerləşdirilən Sevgiya ölkəsinə qaytarılıb.


Digər buna oxşar bir hadisə 2019-cu ildə qızının gender kimliyini qəbul etməyən ananın efirə çıxması olub. Qızının evə geri dönməsini xahiş edən ana eyni zamanda onun biseksual olması ilə barışmadığını da deyib. Müraciətinə cavab verən 21 yaşlı qızı da üzləşdiyi psixoloji təzyiqlər səbəbindən evi tərk etdiyini açıqlayıb, hətta bildirib ki, ailəsi ona özünü öldürməsini təklif edib.


Ailədə cinsi oriyentasiya və gender kimliyini açıqlamaq üçün bir xeyli yol qət edən LGBTİQ+lar da var.


23 yaşı olan Aida kuir vətəndaşlar üçün sosial iş sahəsində çalışır. O deyir ki, gender kimliyini ailəsinə, xüsusilə anasına qəbul etdirmək üçün maarifləndirmə yoluna baş vurub.

İlkin vaxtlardan iştirak etdiyi gender və cins təlimləri haqda anasına danışan Aida bunu da “hazırlaşdırmağın” ilkin mərhələsi adlandırır.

azərbaycanlı lezbiyan qadın

Onun üçün kimliyi nə qədər prioritet olsa belə, ailəsinin, xüsusən anasının onu nə vaxtsa qəbul etməsi daha çox əhəmiyyət daşıyır, “ən azından biləndə ki, evdə kimləsə danışa bilirsən və həqiqətən, səni başa düşürlər. Bu, insanı rahatladır”, – o deyir.

Atasından fərqli olaraq Aidanın anası ilə ortaq cəhətləri var.

“Biz bir-birimizi sevirik və itirmək istəmirik”, – o bildirir və xatırlayır ki, hətta bir dəfə anası ona “necə yəni sənin bir qadından xoşun gələ bilər ki?” sualını ünvanlayıb. Aida da “niyə də olmasın, xoşum gəlsə, münasibətdə olaram” cavabını verib. Bundan təəccüblənən anası ilk öncə sərt reaksiya versə də, sonradan bu söhbət heç olmamış kimi davranmağa başlayıb.

Lakin Aida deyir ki, atasına bu haqda danışması hədə-qorxu, və ya ölümlə nəticələnə bilər.

“Amma çox şükür ki, mən öz ayaqlarım üstdə durduğum üçün atam məni evdən çıxara bilməz. Onsuz da ayrı yaşayıram, iqtisadi zorakılıq edə bilməz, öz pulumu özüm qazanıram. Ona möhtac olmamağım məni gücləndirir”, – deyə Aida qeyd edir.


FemUtopia platformasının həmtəsisçisi, LGBTİQ+ aktivist Gülnara Mehdiyevanın sözlərinə görə, dəstək üçün ona müraciət edənlər arasında əsasən zorla evləndirilmə, bu mövzuda ailə mühitində psixoloji təzyiqlərlə qarşılaşanlar çox olur.


“Kaminq aut edə bilməyənlər isə çıxış yolu kimi ödəniş qarşılığında, yaxud da qarşılıqlı razılaşma əsasında saxta nikah qurmaq üçün gey oğlanlar axtardıqlarını deyirlər, çünki lezbiyan və biseksual qadınlar daha çox görünməz qala bilsələr də, müəyyən yaşdan sonra onlardan da evlənmək tələb olunur”, – Mehdiyeva qeyd edir və onu da vurğulayır ki, kuir qadınların kaminq autdan sonra özlərini təhlükəsiz hiss edə biləcəkləri mühitlər çox azdır.


Gender və Tərəqqi təşkilatının sədri onlara müraciət edən kuirlərin bir neçə aylıq evlə təmin edildiklərini, eyni zamanda “Təmiz Dünya” qadın sığınacağına da yerləşdirildiklərini deyir.

Lakin Mehdiyeva düşünür ki, kaminq autdan sonra təhlükə ilə üzləşən kuirlər heç sığınacaqlarda da özlərini təhlükəsiz hiss etmirlər.


“Oriyentasiyasına görə təzyiq görən və Bakıdakı qadın sığınacağına yerləşdirilən bir lezbiyan qadına “o biri qadınlara niyə bura gəldiyini demə, əvəzində de ki, qardaşım döyürdü” tipli məsləhətlər verilirdi”, – deyən Gülnara Mehdiyeva izah edir ki, bu da sığınacaqlarda olan digər zərərçəkən qadınların kuir qadınlara qarşı aqresiv ola biləcəklərini göstərir. “Bu da onu göstərir ki, təəssüf ki, kuir qadınların özlərini təhlükəsiz hiss edə biləcəyi mühitlər çox azdır”.


Yazdı: Ayan Şamçıyeva

Qeyd: Məqalə QueeRadar ilə Femmekanın əməkdaşlığı çərçivəsində hazırlanıb.


87 görüntüleme

Comments


bottom of page