top of page

"Homoseksualları xəstə adlandırmaq olmaz"- Azərbaycanlı Sekspatoloq

Uzun müddətdir ki, homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatının diaqnozları arasında xəstəlik siyahısından çıxarılıb. 1973-cü ildən “homoseksualizm” və “homoseksuallıq” sözləri psixiatrik xəstəliklər sırasında görünmədi. Bu sözlərin işlədilməsi cinsi ayrı-seçkilik elan edildi. Hazırda da həmin insanların haqları müdafiə edilir. Maraqlıdır, kişinin və ya qadının öz cinsinə qarşı olan istəyinin səbəbi nədir?

Sekspatoloq Həsən Səmədov
Sekspatoloq Həsən Səmədov

Sekspatoloq Həsən Səmədov mövzu ilə bağlı Modern.az-a bildirib ki, bu cür insanların sayında artımdan söz gedə bilməz. Onun sözlərinə görə, əvvəl vəziyyət necə idisə, indi də elədir:

“Min insana düşən homoseksualizm probleminin sayı dəyişməz olaraq qalır. Bu rəqəm heç vaxt artmayıb. Sadəcə, son zamanlar informasiya texnologiyalarının inkişafı, internetin meydana gəlməsi, senzurasız və azad cəmiyyətin formalaşması homoseksual insanlara tam rahatlıq verib. Onlar artıq gizli deyil, açıq-aşkar öz həyatlarını yaşayırlar. Nəticə olaraq, bu da insanlarda homoseksualların sayının artdığı düşüncəsi yaradır. İnsanlar  düşünə bilər ki, Sovet vaxtı bu cür insanlar yox idi. Amma sübut olunub ki, insanlar arasında homoseksualların konsentrasiyası  min il əvvəl də eyni  idi. Burada heç bir say artımından söhbət gedə bilməz.

Tarixi faktlar göstərir ki, homoseksualizm daha qədimə gedib çıxır. Bəzi dövrlərdə müəyyən cəmiyyətlərdə bu insanlara münasibət birmənalı deyildi. Hətta öldürülür və ya yandırılır, qəbilədən uzaqlaşdırılırdı. Makedoniyalı İsgəndərin vaxtında, qədim Misirdə, hətta Hindistanda da homoseksualların öz yaşam tərzi olub”.

Homoseksualizm nədən yaranır və bunun səbəbi nədir?

H.Səmədov homoseksuallarla bağlı insanların yanlış düşüncədə olduğunu bildirib:

“Bu istiqamətdə əksər həkimlər və insanların yanlış düşüncələri mövcuddur. Hər kəs homoseksuallarda hormon probleminin olduğunu fikirləşir. Guya həmin insanlarda qadın hormonu estrogen, estradiol və kişi hormonu testesdoronun balansı pozulub. Tutaq ki, kişidə testestoron azdır, estrogen çoxdur və bu, həmin insana qadın xüsusiyyətləri verir. Əslində isə bu qətiyyən belə deyil. Homoseksualizm psixoloji şüuraltı, mənlik hissinin standart olmayan differensiasiyadır. Söhbət cinsiyyət identifikasiyadan gedir.

Homoseksualizm kişinin kişiyə və ya qadının qadına olan istəyidir. Hamı bilir ki, bu, sadəcə heyvani münasibət deyil və psixoloji tərəfləri var. İki yaşından sonra uşaqlarda mənlik, düşüncə hissinin tanınması baş verir. Eyni zamanda cinsi identifikasiya formalaşır.

Məsələn, iki yaşında olan oğlan uşağı anasının əşyalarından istifadə edir: anasının dodaq boyası və ya digər makyaj vasitələri ilə oynayır. Bəzən görürsünüz ki, bacısının paltarlarını geyinir. Düşüncənin dərinliyində insan özünü tanımağa başlayır. Məsələn, uşaqlar əli, ayağı ya da digər bədən üzvləri ilə oynayır. Artıq həmin vaxt onlar dərk edir ki, bu mənim əlimdi, burnumdu və ya digər orqanlarımdır. Həmçinin cinsi identifikasiyası formalaşmağa başlayır. Yəni mən oğlanam və ya qızam. Mən atam kimi olmalıyam, yoxsa anam kimi olmalıyam. Cinsi identifikasiya formalaşandan sonra insan kişi cinsinə aid olmasına baxmayaraq şüuraltı olaraq özünü qadın cinsinə aid hiss edə bilər".

Seksopotoloq qeyd edib ki, bu insanların konkret müalicəsi yoxdur:

“Homoseksuallar fərqli düşüncəyə sahib olsalar da, onlarda bütün cinsi hormonlar və digər fizioloji xüsusiyyətlər dəyişməz olaraq qalır. Bu xüsusiyyətlər normal insanlarda necədirsə, homoseksuallarda da elədir. Sadəcə şüuraltında öz cinsini tanıma funksiyası pozulub. Bu səbəbdən bu insanları xəstə adlandırmaq olmaz.

Kişi və ya qadın niyə özünü olduğu kimi hiss etmir və başqa cinsə aid edir? Bunun dəqiq səbəbi məlum deyil. Bütün dünyada müxtəlif fikirlər olsa da, yekdil qərar yoxdur. Bu səbəbdən konkret müalicə də yoxdur. Həmçinin, burada psixoloji müalicədən də söhbət gedə bilməz. Bir adam həkimlə əməkdaşlıq etmir və özünü normal sayır, başqa cinsə aid olduğunu düşünürsə, bu zaman  heç bir müalicə mümkün deyil.

Digər tərəfdən öz orqanını tanımama xəstəliyi var. Bu, psixoloji yox, psixi xəstəliklər sırasına daxildir. Məsələn, həmin insanlar deyir ki, burnum mənim deyil, əlavə bir şeydi və gec-tez hansısa yolla burnunu kəsdirir. Ehtimal olunur ki, cinsi identifikasiyanın pozulması bu tip xəstəliklərə yaxındır. Buna aid bir misal çəkim. Amerikada bir gənc ayağının aşağı hissəsinin ona aid olmadığı düşünür və həkimlərə müraciət edir. Təbii ki, tibbi personal əməliyyatdan imtina edən vaxt həmin gənc ayağını maye azotun içinə salır. Bilirsiniz, maye azot mənfi 198 dərəcə temperaturdu. Ayaq ani donur və orada heç bir hissiyat olmur. Bu zaman o, öz ayağını balta ilə kəsir. Həmin insan ayağı olmadığı halda özünü xoşbəxt hiss edir. Güman edilir ki, bu tip xəstəliklərlə homoseksualizmin qohumluğu ola bilər və hər iki xəstəliyin də müalicəsi yoxdur”.

 

Bunlara da bax:

199 görüntüleme

Comments


bottom of page