Luiz qızlar üçün nəzərdə tutulan paltar və aksesuarları geyməyi xoşlayan beş yaşlı bir oğlandır.
Onun və valideynlərinin adı onların kimliyini qorumaq məqsədilə dəyişdirilib.
Braziliyanın cənubunda yerləşən Santa Katarina ştatının kiçik bir şəhərində yaşayan oğlana valideynləri 2018-ci ildən bəri qız kimi geyinməyə icazə veriblər.
Lakin elə həmin ildə onlar barədə Qadın məsələləri, Ailə və İnsan Hüquqları Nazirliyinin qaynar xəttinə bir məlumat daxil olub.
Zəng edən bir anonim şəxs deyirdi ki, Luiz "güman olunduğu kimi, valideynləri tərəfindən qız paltarlarını geyməyə təşviq edilir" və nəticədə, o, məktəbdə sataşma obyektinə çevrilir.
Məsələ tez bir zamanda prokurorluğa ötürüldü.
"Bu, bizim üçün böyük zərbə idi. Vəziyyətin absurd olduğunu düşündüm", - uşağın atası Cesar deyir.
Polis zabiti olan Cesar oğlu qız paltarları geyinməyə başlayandan sonra gender məsələlərinə baxışlarını yenidən nəzərdən keçirib.
"Mən əvvəllər homofob davranış göstərirdim. Amma bunların hamısını yenidən nəzərdən keçirdim", - o BBC-yə bildirib. - Bilirəm ki, zarafatlar və şərhlər çox hörmətsiz ola bilər".
Bu şikayət Luizin anası Marianı da təəccübləndirib. O Cesardan ayrılıb, lakin uşaqlarına birgə qayğı göstərirlər.
"Bu, çox çətin bir vəziyyət idi", - o deyir.
"Mənim ən çox qorxduğum odur ki, kimsə ona təhqiredici nəsə bir şey deyə bilər".
O və Cesar Luizə küçəyə qız paltarında çıxmağa icazə verdikdən qısa bir müddət sonra ailədən anonim bir şikayət edildi və bu Marianın qorxu hissini artırdı.Prokurorluq istintaqa başlayıb. O, qeyd edib ki, uşaqların müdafiəsi haqqında Braziliya qanunvericiliyinə görə ola bilər ki, Luizin hüquqları "təhlükə altına alına və ya pozula bilər".
Lakin, o, oğlanın valideynlərinin "üçüncü tərəflərin təsiri olmadan uşaqlarının qız aksesuarları və geyiminə üstünlük verməsini təsvir etməkdə mətin və ardıcıl olduqları" nəticəsinə gəlib.
Prokurorluğun yazdığı məlumatda deyilir ki, "Luizlə bağlı heç bir riskli vəziyyət yoxdur".
"Əksinə, valideynlər yaxşı dəstək verdikləri oğulları ilə birlikdə bu vəziyyətin öhdəsindən gəlmək üçün yetkinlik və anlama qabiliyyəti nümayiş etdirdilər. Buna görə də, uşağın hüquqlarının təhlükə altında olduğunu sübut edən heç bir dəlil yoxdur."
Bu işə 27 noyabr 2018 il tarixində xitam verildi.
Luizin valideynləri bu araşdırma haqqında ona heç bir məlumat verməyiblər.
"O, çox gəncdir və bəzi məsələləri onun üçün maraqlı [uyğun] saymadığımız üçün ona danışmağı lazım bilmirik", - Maria izah edir.
Luizin anası və atası deyirlər ki, o tez-tez Luiza adıyla çağrılmasını xahiş edir.
Məsələnin hələ də başlanğıc mərhələdə olduğuna inanan valideynlərin xahişi ilə bu məqalədə Luizə kişi kimi müraciət edilir.
Lakin Cezar və Maria hesab edirlər ki, zaman ötdükdən sonra ona yalnız qız kimi müraciət edilməlidir.
İki il əvvəl onun valideynləri psixoloji məsləhət üçün müraciət etmək qərarına və oğlanın transgender olduğu qənaətinə gəlib.
"O dedi ki, saqqal saxlamaq və ya kişi olmaq istəmir", - Cesar deyib. - O, qızlar üçün nəzərdə tutulan paltar və aksessuarlar geyməyi xahiş etməyə başladı".
Polis əməkdaşı BBC-yə bildirib ki, o, əvvəlcə oğlunu anlamaq üçün əlindən gələni edib, lakin həmişə övladının istəyinə hörmət etməyə çalışıb.
"Polis mühitində əsasən kişilər üstünlük təşkil edir. Hamı gözləyirdi ki, mən oğlumu cəzalandıracağam. Amma mənim mövqeyim daha liberaldır və onun istəklərinə hörmətlə yanaşıram", - o əlavə edib.
"Çoxları elə bilirdilər ki, mən öz oğlumdan utanacağam, amma mən onunla olduqca fəxr edirəm".
Cesar və Maria Luizə üç yaşı tamam olandan bəri bant və saç sancağı kimi qadın bəzəklərini taxmağa icazə veriblər.
Gender kimliyi üzrə psixiatr və ekspert Alexandre Saadeh qeyd edir ki, uşaqların cinsi onların oynamaq üçün seçdikləri oyuncaqlar kimi amillərlə müəyyən edilmir.
Psixiatr izah edir ki, "uşaq transgenderi faktı doğulanda malik olduğu cinsi ilə uşağın ziddiyyətdə olmasından ibarətdir".
Saadeh həmçinin izah edir ki, uşaq üç yaşından başlayaraq transgender davranışını nümayiş etdirə bilər.
"Bu, hər bir uşaqdan asılıdır. Lakin bu mərhələdə onlar kim olduqlarını və onların konkret maraqlarının nə olduğunu göstərməyə başlayırlar."
"Bunu müşahidə etmək və yoxlamaq mümkündür", - o deyir.
Psixiatr iddia edir ki, trans uşaqlar bəşər tarixində həmişə mövcud olub, lakin onlara heç vaxt müvafiq diqqət göstərilməyib.
"Bu cür halların bir çoxu nəzər yetirilməmiş qalıb və hələ də qalmaqdadır".
Cesar və Maria Luizin mümkün gender tranzitini nəcə tənzimləyəcəklərinə dair hələlik bir qərara gəlməyiblər.
Onlar hesab edirlər ki, bir neçə ildən sonra oğlan cinsini qanuni olaraq dəyişdirmək və hormonal müalicədən keçmək istəyəcək.
"Amma biz hələ də bunu necə edəcəyimiz barədə düşünmürük", - Cesar deyib.
BBC ilə qısa bir söhbətdə Luiz dayısının onu olduğu kimi qəbul etməyə başladığını qeyd edib.
"İndi o, mənə dəstək verir",- oğlan dayısı barədə deyib.
Onun sözlərinə görə, uşağın qadın paltarını niyə geyindiyini dindar olan dayısı ilk əvvəl başa düşməyib.
Luiz insanların onun qərarını qəbul etməkdə çətinlik çəkdiklərini başa düşür.
"Ona görə ki, mən fərqliyəm. Mən oğlan doğulmuşam, lakin mən qızam", - o, səmimiyyətlə bildirib.
"Amma bu problem deyil", - Luiz əlavə edib.
2020-ci ildə oğlan iki il ərzində arzu etdiyi məqsədə çatmaq istəyir: məktəb formasının bir hissəsi kimi məktəbə yubkada getmək istəyir.
Atası hesab edir ki,"bunun üçün vaxt yetişib".
Ata həqiqətən oğlunun təhqirə məruz qala biləcəyindən həqiqətən qorxur, amma onun arzusuna hörmət edəcəyi fikrindən daşınmaq niyyətində deyil.
"O, gözəl və ağıllı uşaqdır", - Cesar deyir.
"Mən qızımla çox fəxr edirəm".
Gələcəkda yarana biləcək çətinliklərə məhəl qoymadan Luiz planlar qurur.
"Mən ixtiraçı və ya model olmaq istəyirəm."
Comments