top of page

Koronavirus: “Homofob ailəmlə eyni evdə qalmağa məcburam”

Koronavirus pandemiyası səbəbindən Azərbaycanda elan olunmuş xüsusi karantin rejimi cinsi yönəlimlərinə görə ailəsi tərəfindən qəbul edilməyən gəncləri homofob ailələri ilə eyni evdə qalmağa məcbur edib.

Koronavirus və homofobiya

Xüsusi rejimin elan olunmasından və əksər iş yerlərinin bağlanmasından sonra 23 yaşlı Samirin qatı dindar ailəsinin yanına geri dönməsindən başqa seçimi qalmayıb.

“Homofob ailəmdən uzaq qalmaq üçün günümü işdə keçirirdim. İndi isə iş yerim də bağlanıb və evdə qalmağa məcburam.”

Bütün gününü evdə keçirən Samir əsl kimliyini ailəsindən gizlətməyə məcburdur.

“Anam deyirki homoseksuallıq şeytan işidir və şeytan məni yoldan çıxarıb gey edib. O yanımda bu ‘xəstəlikdən’ sağalmağım və bir qadınla evlənməyim üçün hər gün dua edir. Mənim bu çətin vaxtda gedəcək bir yerim olmadığına görə hər gün bu əzablara dözməliyəm” o deyir.

Samir hələ universitetdə oxuyarkən valideynlərinə gey olduğunu açıqlayıb.

“Onlar bunu heç yaxşı qəbul etmədilər və artıq müəyyən müddət keçsə də hələ də qəbul edə bilmirlər” o əlavə edir.


“Hər gün sosial şəbəkələrdə evdə cürbəcür videolar çəkən, məsləhətlər verən və insanları evdə qalmağa səsləyən şəxsləri görürəm. Amma onlar koronavirusa görə deyil cinsi yönəlimlərinə görə həyatda sağ qalmağa çalışan insanların varlığını unudurlar” Samir deyir.

“Mən otağa girəndə onlar çölə çıxır”


19 yaşlı Nigar Bakıda özəl şirkətlərin birində çalışırdı. Yanvar ayında qohumlarından biri ailəsinə Nigarın lezbiyan olduğunu xəbərləyib.

Onun anası və ögey atası onu evdən çölə atıblar və ‘seçdiyi həyattərzini’ dəyişməyənə qədər qəbul etməyəcəklərini deyiblər. Onlar yalnız Nigarın yalandan ‘düzəldiyini’ dediyindən sonra onu yenidən qəbul edib.

“Homofob ailə ilə yaşamaq sevmədiyin insanlarla eyni evi bölüşmək deməkdir. Onlarla heç danışmıram sadəcə öz həyatımı yaşamağa çalışıram.”

Nigar işləyən zaman səhər tezdən evdən çıxıb gecə evə qayıdardı. O maksimum ailəsini görməməyə və onlarla vaxt keçirməməyə çalışırdı. İndi isə hər şey fərqlidir çünki o bütün günü ailəsi ilə eyni evdə qalmağa məcburdur.

“Ögey atam məndən iyrəndiyini deyir və anam isə yemək üçün heçnə bişirmir. Mənim isə nə başqa evə köçməyə nədəki özümə yemək almağa pulum var” o deyir.

Nigar Apreldə hər şeyin düzələcəyinə və onun əvvəlki həyatına qayıda biləcəyinə ümid edir.


Ölkədə LGBT fəallar son zamanlar onlara işdən çıxardılmış, getməyə yeri olmayan və ya ailəsi tərəfindən təzyiq olunan fərdlər tərəfindən müraciətlərin artdığını deyirlər. Lakin, belə fərdlərə dəstək olmaq üçün nə sığınacaqlar nədə ki kifayət qədər imkanlar var.

 

Bunlara da bax:

116 görüntüleme

댓글


bottom of page