top of page

Aseksuallar çətin həyat yaşayırlar?

"Mən normal, yəni seksual adam kimi də görünə bilərəm"

Dayan Se seksual istək hiss etməməsindən narahat deyil və nə vaxtsa kiminləsə cinsi əlaqəyə girəcəyini təsəvvür belə etmir.


"Kiminləsə seks arzulamaq - mən bunun necə bir şey olduğunu heç vaxt bilməmişəm" - Dayan belə deyir. "Ancaq düşünürəm ki, seksual istəkdən azad olmaq heç də pis deyil, çünki mənə görə seksdə heç bir məna yoxdur" davam edir.

Çində nə qədər adamın özünü aseksual olaraq identifikləşdirdiyi barədə dəqiq məlumat yoxdur. Kanadalı psixologiya professoru Entoni Bogertin hesablamalarına görəsə, Britaniyada aseksuallar yetkin əhalinin təxminən 1%-ni təşkil edir. Bu hesablamadan çıxış edən və Çində 20 yaşdan yuxarı şəxslərin bir milyarddan çox olduğunuı nəzərə alan çinli araşdırmaçılar ölkədə təxminən 11 milyon aseksaul olduğunu düşünürlər.

Çində aseksuallar sosial şəbəkələrdəki onlayn forumlarda aktiv iştirak edirlər. Onlar müntəzəm olaraq təcrübə mübadiləsi aparırlar və hətta öz lüğətlərini də yaradıblar.


Aseksual olduğunu bilmək


Şanxay şəhərindən olan Dayan və özünü aseksual hesab edən digər çinli qadınlar üçün bu status sosial orientasiya rolunu oynayır.


Aseksuallıq könüllü seçim olan subaylıqdan və seksual disfunksiyadan (bu halda insanlar seksual istəksizlikdən əzab çəkirlər) fərqlidir.


Dayanın 20 yaşı təzə tamam olub. O, Honkonqda, Britaniyada və Niderlandda təhsil alıb.

Dayan aseksuallığını ilk dəfə universitetdə oxuyanda - hollandiyalı bir gənclə görüşəndən sonra anlayıb.

Romantik hisslərdən xoşlanan Dayan görüş ərəfəsində heç bir seksual həyəcan keçirməməsinə təəccüblənib.

Az sonra Dayan aseksualların dünya üzrə ən böyük onlayn cəmiyyəti olan AVEN (Asexual Visibility and Education Network) barədə eşidib. "Aseksual" anlayışının tərifini öyrənən qız özünün də belə olduğunu anlayıb.

"Ətrafımdakı qızların hamısı məşhurlara, oğlanlara, romantik görüşlərə heyranlıq duyurdu, amma məndə bunların heç biri yoxdu" - Dayan belə deyir.


Onun sözlərinə görə, çinli qız olaraq öz aseksuallığı barədə valideynlərilə danışmaq çox çətin olub. Çünki Çin mədəniyyətində ailəyə böyük önəm verilir və övladlarının ailəsiz-uşaqsız qalması valideynləri çox narahat edir.


Hakimiyyətin güclü təzyiqi


Ailə qurmaq və uşaq doğmaq təbliğatıyla Çində dövlət də məşğul olur, çünki ölkədəki demoqrafik böhran hakimiyyəti ciddi narahat edir.

Ötən illərin 70-ci illərində mövcud olmuş bir uşaq siyasəti və gender əlamətinə görə abort praktikası ölkədə kişilərin qadınlardan sayca çox olmasına gətirib çıxarıb və bu, xüsusi narahatlıq doğurur. Xeyli sayda kişi ailə qurmaq üçün qız tapa bilmir.


"Mən vəziyyətimi valideynlərimə anlatmaq üçün bir neçə dəfə cəhd etdim. Nəhayət, anam başa düşdü və söz verdi ki, məni bədbəxt olacağım evliliyə məcbur etməyəcək. Ancaq atam çox inadkardır. O hesab edir ki, bəyəndiyim biriylə görüşməyə başlasam, ona qarşı seksual istək də yarana bilər" - Dayan belə deyir.


Çində özünü aseksual hesab edən şəxsləri sorğu-sual yoluyla aşkar edib işdən çıxarırlar. Ölkədə aseksuallıq fenomeniylə bağlı bəzi araşdırmalar aparılsa da, bu haqda kifayət qədər məlumat yoxdur.


Tələ


Dayan nəinki seksə, o cümlədən, ailə və analıq məsələlərinə də fərqli yanaşmağa başlamış çoxsaylı çinli qızdan biridir.


"Mən hesab edirəm ki, ailə institutunun qadınlara heç bir faydası yoxdur, əksinə, bu, böyük bir tələdir" - Dayan belə deyir. "İnsanlar ailəsiz və seksiz çoxala bilsəydilər, şəxsi azadlıqları daha çox ola bilərdi".


Müsahibənin sonunda ondan soruşuram ki, özünü tənha hiss edir mi və kiminləsə romantik münasibət qurmaq barədə düşünür mü.

Dayan çoxlu dostu olduğunu deyir, romantik münasibətlər qurmaq üçün özü kimi aseksual birini tapmağın çətinliyinə görə ömrünün sonuna kimi tək olacağını düşünür.

Romantik, yoxsa aromantik?


Aseksualların yaratdığı onlayn cəmiyyətlərin sayının durmadan artması göstərir ki, Çində aseksuallıq seksual orientasiyanın populyar növlərindən birinə çevrilməkdədir.

"Douban" sosial şəbəkəsindəki aseksuallar qrupunun 10 min nəfərdən çox üzvü var. Çinin məşhur "Zhihi", "WeChat" və "QQ" proqramlarındakı aseksual cəmiyyətlərdə onların sayı onminlərlədir. Hətta Çində aseksuallar üçün tanışlıq və evlilik saytları da yaradılıb, məsələn, www.wx920.com kimi.

Honkonq Baptist Universitetinin professoru Dey Vonq Çindəki aseksuallığı araşdırır
Honkonq Baptist Universitetinin professoru Dey Vonq Çindəki aseksuallığı araşdırır

Professor Dey Vonq son beş ildir ki, Çindəki seksual azlıqları öyrənir.

Onun araşdırması şəxsi aseksuallığın identifikasiya üsullarına həsr olunub.

Vonqun sözlərinə görə, aseksuallığın bir neçə kateqoriyası var, amma seksuallıq və aseksuallıq arasında təsnifatı zənginləşdirmək lazımdır.

Romantik aseksuallarda seksual istək olmur, amma romantik hisslər var. Bəziləri bu hal üçün "platonik sevgi" terminindən istifadə edirlər. Eyni zamanda, heteroromantik, homoromantik və biromantik kimi təsnifatlar da mövcuddur. Bundan başqa, cinsindən və seksual orientasiyalarından asılı olmayaraq insanlara romantik cazibə hiss edən panromantiklər var.

Aromantik aseksuallar ya dostluğu özləri üçün mümkün hesab edirlər, ya da valideynləri və digər ailə üzvləri də daxil, insanlara bağlılığı ümumiyyətlə rədd edirlər.

Syuy Pekində yaşayır, özünü panromantik aseksual hesab edir. Bunu vaxtilə univeristetdə tanış olduğu, aseksual olmayan gəncə də deyibmiş. Onlar hələ də bir yerdədilər.


"O, mənim intim əlaqə istəməməyimə hörmətlə yanaşır. Belə münasibət mənə sərf edir" - Syuy belə deyir. "Seksin zövqlü olacağını hiss etmirəm, amma görüşdüyüm oğlan heteroseksualdır, seksual istəyi var. Ona görə də bu problemi həll etmək o qədər də asan olmadı".

Syuy optimistdir, aseksulallığının ona problem yaratmadığını düşünür.

"Mən bunu xəstəlik hesab etmirəm. Aseksual olaraq da xoşbəxt yaşamaq mümkündür, onda patologiya axtarmaq lazım deyil" - Syuy belə deyir.


Amma valideynlərinin hələ bundan xəbəri yoxdur. Syuy deyir ki, bir dəfə bu haqda danışmağa cəhd edib, amma onlar zarafaya salıblar.


Stiqmalar


Professor Vonqun sözlərinə görə, aseksual qadınlar Çin mədənəiyyətinin bəzi problemləriylə üzləşirlər.

2015-ci ildə keçirilmiş onlayn-sorğunun nəticələrinə görə, respondentlərin 80%-ni qadınlar təşkil edib, onların çoxu ali təhsilli olub.


"İslahatlardan sonra Çində seksual sağlamlığa dəstək verən, harmonik nikah ideyasını qabardan çox sayda klinika açılıb. Seksual istək hiss etmədiyinizə görə burda sizi qınayacaq və damğalayacaqlar, çünki siz ailə harmoniyasına və sosial stabilliyə təhlükə yaradırsız" - Vonq belə deyir.


Aseksualların onlayn qruplarını izləyən professor bəzən orda heteroseksual kişilərin bu tip cümlələrinə rast gəlir: "Mənimlə sekslə məşğul olsan, özünü başqa cür hiss edəcəksən".

"Əslində, bu, seksizmin bir növüdür - kişilər sekslə qadınlardan daha yaxşı məşğul olur və sizə seksual qadın olmağın yollarını öyrədə bilərlər".


Hazırda Çində ailəsiz və hər iki partnyorun çalışdığı ailələrin sayının artdığı müşahidə olunur.

Bu, bəzi aseksual cütlüklər üçün ideal variantdır - nikahlı, amma sekssiz ittifaqlar.

Aseksualların onlayn forumları belə şəxslərə digər aseksuallarla ünsiyyət imkanı yaradır - çox vaxt həyatlarında ilk dəfə.


Quo Syuy universitet illərində tanış olduğu homoromantik aseksualı xatırlayır, deyir ki, həmin gənc öz hissləri və identifikasiyasıyla bağlı heç kimə heç nə deyə bilməməsindən şikayətçiydi.

"Onun danışdıqları məni yaman duyğulandırmışdı. Çünki aseksualların çoxu özünü məhz belə hiss edir - sanki özünlə bağlı bu informasiyanı hamıdan gizlətməlisən".

Syuy hesab edir ki, özün haqqında danışa bilmək və olduğun kimi qəbul edilmək çox vacibdir.


 

Bunlara da bax:

74 görüntüleme
bottom of page