top of page

Həmcins Cütlüklərin Övladları da Homoseksual Olur?



Həmcins evlilikləri haqqında danışılanda səsləndirilən ilk arqumentlərdən biri uşaqlar haqqında olur. Bəziləri düşünür ki, homoseksual fərdlər evlənə və uşaq sahibi ola bilməzlər çünki ata-ana olan ailədə böyümək hər bir uşağın haqqıdır. Digərlərinə görə homoseksual valideyni olan uşaq gələcəkdə özü də homoseksual olacaq və bu homoseksuallığın artmasına və tədricən bəşəriyətin sonuna gətirib çıxaracaq. Bəs doğrudan mı həmcins cütlüklərin övladları da homoseksual olur? Məqaləmizdə bu suala cavab tapmağa çalışmışıq.

Uşaqlar hər bir cəmiyyətin təməli, gələcəyin təminatıdır. Buna görə də uşaqlarla bağlı hər bir məsələ həssaslıqla araşdırılmalı, və dəqiq qərara gəlinmləlidir. Azərbaycanda həmcins evliliklər qanuni olmadığını və qanuniləşdirməyə dair müzakirələrin getmədiyini nəzər alaraq bu məsələ ilə bağlı hər hansı tədqiqat aparılmamışdır. Lakin, beynəlxalq aləmdə bu belə deyil. Pediatrların və digər əlaqəli mütəxəssislərin bu məsələ ilə bağlı apardıqları tədqiqatlardan belə bir qənaətə gəlmək olar: həmcins ailələrdə böyüyən uşaqlar heteroseksual valideynə sahib olan uşaqlardan fərqlənmirlər. Bu məsələ ilə bağlı aparılmış 79 tədqiqatın 95%-i bu qənaətə gəlməyə imkan verir. Bəs digər 5% nə deyir? Həmcins cütlüklərin övladları ilə heteroseksual cütlüklərin övladları arasında fərqlərin olduğunu iddia edən 5% tədqiqatın səbəbi nədir? Belə həssas mövzuda tədqiqatların bu hissəsi böyük əhəmiyətə malikdir.

Əvvəlki tədqiqatlardan məlumdur ki, boşanmış ailələrdə tək valideyn tərəfindən böyüdülmüş övladlar stabil, hər iki valideynin mövcud olduğu ailədə böyümüş uşaqlardan adətən geri qalırlar. Həmin 5%-ə daxil olan tədqiqatlarda nümunə olaraq ayrılmaqda olan və ya ayrılmış həmcins cütlüklərin övladları istifadə olunmuşdur. Beləliklə, stabil heteroeksual ailədə böyümüş uşaqla ayrılmış həmcins cütlüyün övladının müqayisəsi zamanı təbii olaraq xətalı nəticəyə gəlmək olur. Birlikdə olan həmcins cütlüklərin kifayət qədər uğurlu övladlara sahib olduğu nümunələri həmcins evliliklərinin qanuni olduğu ölkələrdə görmək mümkündür.

5%-ə daxil olan tədqiqatların aparılma metodologiyasına nəzər salarkən bəzi müsahibə suallarının kateqoriyalara ayrılmasında xətaların olduğu məlum olmuşdur. Belə ki, uşaqlarla müsahibə zamanı verilmiş və uşaq şiddətini göstərə bilməyəcək tipli sualların “şiddət” kateqoriyasına aid edilməsi həmin tədqiqatın xətalı nəticəyə gəlməsinə səbəb olmuşdur.

Növbəti narahatçılıq mövzusu olan uşaqların gender kimliyi ilə bağlı araşdırmaların gəldiyi qənaətə əsasən həmcins cütlük tərəfindən böyüdülən fərdlərin gender kimliklərində fərqliliklər müşahidə olunmamışdır və onlar özlərini bioloji cinsləri ilə eyni genderə aid olduqlarını hiss etdiklərini bildirmişlər.

Nəticədə bunu qeyd etmək lazımdır ki, Birləşmiş Millətlərin Uşaq Hüquqları ilə bağlı Konvensiyası 4 əsas prinsipə əsaslanır: ayrı-seçkiliyə məruz qalmamaq hüququ, uşağın mənafeyinin qorunması hüququ, sağ qalmaq və inkişaf hüququ, və eşidilmək hüququ. Qeydə alınmış məlumatlara əsasən həmcins valideynlər ən az heteroseksual valideynlər qədər bu prinsipləri qorumağı bacarırlar. Həmcins evliliklərinin qanuniləşdirilməsi barədə müxtəlif fikrlərə sahib olmaq təmamilə normaldır, lakin homoseksual fərdlərə ailə sahibi olduğunda yaxşı valideyn ola bilməyəcəklərini demək, həmcins ailələrdə böyüyən uşaqlara onların da gələcəkdə homoseksual olacaqlarını söyləmək əsassızdır və aparılmış elmi tədqiqatlar tərəfindən dəstəklənmir.

Bunlara da bax:

103 görüntüleme
bottom of page