Kosovonun LGBT icmasının tərəfdarları paytaxt Priştinanın mərkəzində gey paradda iştirak ediblər. Təşkilatçılar bunun sayca ikinci gey parad olduğunu deyirlər.
Kosovonun Avropaya İnteqrasiya naziri Dhurata Hoxha və Priştinanın meri Shpend Ahmeti də oktyabrın 10-da “Azadlıq Adına” parada qatılıblar.
Avropa Birliyinin Kosovo ofisinin rəhbəri Nataliya Apostolova da iştirakçılar arasında olub.
Parad Priştinanın Skanderbeg Meydanından başlayıb. Əraziyə çoxlu polis cəlb olunub. Tədbirin Zahir Pajaziti meydanında konsertlə bitəcəyi planlaşdırılıb.
Bu tədbir Priştina 2018 Parad Həftəsinin yekunu idi. Təşkilatçılar siyasətçiləri və vətəndaş cəmiyyəti fəallarını LGBT icmasının ifadə, fərqli cinsi oriyentasiya və özünü təhlükəsiz hiss etmək hüquqlarını dəstəkləməyə çağırıb.
“ÜZVLƏRİMİZİN AZALDIĞINI GÖRÜRÜK ”
Kosovo 2004-cü ildə antidiskriminasiya qanununu qəbul edib. Bu qanun cinsi azlıqların hüquqlarına təminat verir. Ancaq müşahidəçilər LGBT icmasına qarşı ayrıseçkiliyin qaldığını bildirir. 1,9 milyon əhalisi olan Kosovoda əsasən müsəlmanlar yaşayır. Cəmiyyətin əksəriyyəti mühafizəkarlardır.
Transgender Blert Morina AzadlıqRadiosuna deyib ki, təmsil etdiyi icmanın üzvləri üzləşdiyi təhdidlər ucbatından digər ölkələrə qaçmağa məcbur olub.
Onun sözlərinə görə, Kosovo polisi transgender şəxslərə qarşı fiziki zorakılıqla bağlı məlumatlara adekvat reaksiya vermir.
“Əlimizdə dəqiq rəqəmlər olmasa da, kiçik icma kimi bəzi üzvlərimizin azaldığını görürük”, – Morina deyib.
İlk belə yürüş 2017-ci ilin oktyabrında keçirilib, insidentsiz keçib. Daha öncə isə kiçikmiqyaslı yürüşlər olub.
Prezident Hashim Thaci toplantının əvvəlində iştirakçıları salamlayıb. ABŞ səfiri Greg Delawie isə yürüşün sonunda iştirakçılara qoşulub.
Comments