Xəritənin dibində yer almış Azərbaycan, Türkiyə və Ermənistanda vəziyyətin ötənilki ilə eyni qaldığı bildirilir
Son 12 ay ərzində Avropanın 49 ölkəsində LGBTI hüquqları sahəsində heç bir irəliləyiş baş verməyib. Amma bəzi ölkələrdə irəli sürülən qanunverici təkliflər və fəaliyyət planları Avropanın illik Göy qursağı Avropa Xəritə və İndeksinin tamam fərqli görünməsinə şərait yaradır.
Xəritəni hazırlamış ILGA-Europe – Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İnterseks Dərnəyinin Avropa filialıdır, regionda cinsi azlıqların maraqlarını təbliğ edən vəkillik qrupudur.
Azərbaycan indeksdə sonuncu- 49 yerdədir. Xəritənin dibində yer almış Azərbaycanda, Türkiyədə və Ermənistanda vəziyyətin ötənilki ilə eyni qaldığı bildirilir. Bu ölkələrdə cinsi azlıqların hüquqlarının kütləvi pozulduğu, onların ayrıseşkiliyə məruz qaldığı bildirilir.
Azərbaycanda hakimiyyət təmsilçiləri isə vətəndaşların təməl hüquq və azadlıqlarının tam təmin olunduğunu deyirlər.
Regionda ümumi mənzərədə müsbət dəyişiklik az olduğundan cüzi dəyişikliklər etmiş Albaniya, Finlandiya və Portuqaliya indeksdə irəliləyiblər.
Müsbət dəyişiklik də var
Ailələrin tanınması üzrə aydın öhdəliklərə baxmayaraq, heç bir ölkədə partnyorluq və eynicinsli valideynliyin tanınması yönündə dəyişiklik baş verməyib.
Bu il İslandiyanı çıxmaqla interseks və trans hüquqlarında dəyişikliyin olmadığı deyilir.
Müsbət dəyişiklik isə Bosniya-Herseqovina, Şimali Makedoniyada toplaşma azadlığı üzrə irəliləyişdir, LGBTI tədbirlərinin təhlükəsizlik keçirilməsində yaxşılaşma var.
Artıq altıncı ildir Malta Göy qurşağı Avropa Xəritəsində birinci yerdədir. Belçika dördüncü ildir ikincidir, Luksemburq isə üçüncü ildir üçüncü pillədədir.
Polşa ikinci ildir AB ərazisində ən aşağı pilləni tutur.
Ukrayna hökumətinin fəaliyyət planının vaxtı bitdiyindən 36-cı yerdən 40-a geriləyib.
Gürcüstanın reytinqi iki pillə düşüb- 30-cu yerdən 32-yə keçib. Ölkədə gender tanınmasının aydın hüquqi prosedurunun olmadığı, LGBTI hüquqları müdafiəçiləri üçün vəziyyətin riskli olduğu deyilir.
Qeyd edək ki, 17 may dünyada Homofobiya ilə Mübarizə Günü kimi qeyd olunur.
Comments