Rusiya hüquq müdafiəçilərinin verdiyi məlumata görə, Çeçenistanda LGBT fərdlərinə qarşı təzyiqlər güclənib.
Ölkənin LGBT şəbəkəsindən gələn məlumatlara görə, dekabrdan bu yana cinsi azlıqların təxminən 40 nümayəndəsi həbs edilib ki, onlardan ikisi işgəncələr altında dnyasının dəyişib. Şahidlərin bildirdiyinə görə, onlardan biri bıçaq zərbələri ilə öldürülüb. Amma Çeçenistan hökumətinin nümayəndəsi son məlumatları “ağ yalan” adlandırıb.
Respublikanın hakimiyyət orqanları və prezidenti Ramzan Kadırov qanunsuz həbslər və insan haqlarının pozulmasına dair açıqlamaları mütəmadi olaraq təkzib edirlər.
Ötən il BBC-yə açıqlamasında Kadırov bildirmişdi ki, belə məlumatlar ya “xarici agentlərin uydurması”, ya da maliyyələşmə axtarışında olan fəalların işidir.
Kadırov dəfələrlə bildirib ki, Çeçenistanda ümumiyyətlə, cinsi azlıqlar yoxdur. Respublika əhalisinin əksər hissəsi də LGBT fərdlərinə mənfi yanaşır və onların qarşısının alınmasına tərəfdardır.
Qeyd edək ki, LGBT fərdlərinə qarşı keçirilən reyd ilk deyil. 2017-ci ildə həyata keçirilən reydlərdə yüzlərlə homoseksual olduğu düşünülən fərd həbsə atılmış, müxtəlif işgəncələrə məruz qalmış və öldürülmüşdü.
Comments