Yenilənib: 26.11.2021
Dünyanın müxtəlif ölkələrində LGBTQ+ fərdlərinə qarşı münasibət biri-birindən fəqlidir. Həmcins evliliklərin qanunla icazə verildiyi ölkələrdən tutmuş homoseksuallığın ölüm hökmü ilə cəzalandırıldığı ölkələrə qədər müxtəliflik müşahidə olunsa da dünyanın istənilən yerində nifrət, önyarğı və ayrı-seçkilik müxtəlif formalarda özünü biruzə verir. Təssüfki Azərbaycan da homofobiyanın üstünlük təşkil etdiyi cəmiyyətlər arasındadır. Beynəlxalq lezbiyan, gey, biseksual, trans* və interseks assosiasiyasının (İLGA-Europe) 2018-ci il indeksinə əsasən Azərbaycan 49 Avropa ölkəsi arasında homofobiyanın ən çox yayıldığı ölkə seçilib.
Azərbaycanda LGBTQ+ fərdlərə qarşı törədilmiş nifrət cinayətləri hər zaman mətbuatda işıqlandırılmır. Xəbər verilən faktlar isə nifrət dili ilə müşahidə olunur. Həmin faktlardan bir neçəsini təqdim edirik:
Bakıda ABŞ-ı silkələyən hadisə
2000-ci ildə nəyinki Bakını hətta ABŞ-ı silkələyən cinayət hadisəsi baş verib. ABŞ Respublikaçılar İnstitutunun Bakı ofisinin keçmiş rəhbəri Con Elvis 2000-ci il noyabr ayının 30-a keçən gecə Bakıda yaşadığı mənzildə qətlə yetirilib. Naməlum şəxslər ona çoxlu bıçaq zərbəsi vurub. Hadisədən sonrakı ilk günlərdə bu qətlin Elvisin seksual oriyentasiyası ilə bağlı olduğu bildirilmişdi. Hadisəni törədənlər tapılmadığından Baş Prokurorluq 2008-ci ildə Elvisin öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqını dayandırıb. Cinayət işi qəsdən adam öldürmə maddəsi ilə başlanıb. Qatillərin tutulması üçün əməliyyat-axtarış tədbirlərinin isə davam etdirildiyi və hadisəni törədənlər tutulandan sonra istintaq hərəkətlərinin də davam edəcəyi bildirilir.
Transgender qadın qətlə yetirilib
1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Baş verən hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib. O ifadəsində Aylanın müşətirisi olsa da onun transgender olmasından xəbərsiz olduğunu bildirib.
33 yaşlı homoseksual kişi evində ölü tapılıb
Yasamal rayon sakini, 33 yaşlı İ. A. 2012-ci ilin aprel ayının 11-də saat 17:00 radələrində yaşadığı mənzildə çoxsaylı kəsici-deşici xəsarətlərlə meyiti aşkar edilib. İlkin araşdırmalarla cinayətin mərhumun tanışı - 1996-cı il təvəllüdlü Ə. D. tərəfindən törədilməsi müəyyən edilib.
Belə ki, Ə. D. aprelin 11-də saat 15:00 radələrində İ. A.-nın yaşadığı mənzilə gəlib və şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla sonuncuya çoxsaylı kəsici-deşici xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ə. D. tutularaq istintaqa cəlb olunub.
Homoseksual kişi bıçaqlanaraq qətlə yetirlib
53 yaşlı Mətləb Əbdürrəhman oğlu Nəmiyev də Azərbaycanda qətlə yetirilən homoseksuallardan biridir. Meyitin ilkin müayinəsi zamanı onun döyülərək və bıçaqlanaraq öldürülməsi müəyyən edilib.
Bakıda iki dost müştəri kimi tanış olduqları transgender fərdə qarşı soyğunçuluq törədib - 2015-ci il
Beləki, Elvin Akif oğlu Ağaverdiyev dostu Ramin Rafiq oğlu Lətifovla birlikdə gecə saatlarında avtomobillə gəzərkən “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında Vüsal Həsənqulu oğlu Şahbazov ilə tanış olublar. Onlar Vüsal Şahbazovu avtomobilə əyləşdirərək, ağaclıq sahəyə aparıblar.
Saxlanılan Elvin Ağaverdiyev hadisənin təfərrüatını belə açıqlayıb: “Dostumla gəlirdik. İçkili idik. Elə bildik qızdır. Oturduq maşına, apardıq dağa. Orada bildik ki, oğlandır. Döydük, telefonunu və pulunu aldıq”. Məlum olub ki, saxlanan şəxslər Vüsal Şahbazovun 443 manat pulunu və iki telefonunu alıblar
Homoseksual fərdə qarşı soyğunçuluq
Bakı şəhər Yasamal rayon sakini, homoseksual 22 yaşlı S.P Nəsimi rayon 20-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.
O bildirib ki, 2013-cü il aprelin 12-də saat 04:30 radələrində metronun "Nizami" stansiyası yaxınlığında tanışı, 1973-cü il təvəllüdlü Rəhimov R. ilə görüşüb. Onlar R.Rəhimovun avtomobili ilə Cəlil Məmmədquluzadə küçəsi 108 ünvanında yerləşən tikilməkdə olan binaya gəliblər. Daha sonra isə 40 yaşlı R.Rəhimov bıçağı 22 yaşlı oğlanın boğazına dirəyib. O, cinsi münasibətdə olduğu həmcinsinin cibindəki 350 manatı götürərək aradan çıxıb.
Lezbian qadın bacısı tərəfindən bıçaqlanıb
Hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızı bacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla öldürülməsi müəyyən edilib və o, saxlanılıb.
P.Nuriyeva ilkin ifadəsində bildirib ki, bacısı cinsi azlıq nümayəndəsi olub və evə cinsi azlıq nümayəndəsi olan qızları gətirirmiş. Bacısını qətlə yetirən qız saxlanılıb.
Homoseksual şəxs vəhşicəsinə döyülüb
Hadisə 2015-ci il yanvar ayında Əziz Əliyev küçəsi 1 ünvanında, “Kakadu” gecə klubunda baş verib. Polisə şikayət edən Ucar rayon sakini, 24 yaşlı Erkin Həsənov (ad və soyad şərtidir) bildirib ki, gecə saat 04 radələrində klubda olarkən tanımadığı şəxs onu nalayiq sözlərlə təhqir edib və vəhşicəsinə döyüb.
Transgender şəxs qətlə yetirilib
Hadisə 2015-ci il fevralın 28-i saat 23 radələrində baş verib. Transgender olan Şəmkir rayon sakini 1987-ci il təvəllüdlü Bəxtiyar Əliyev çoxsaylı bıçaq xəsarəti alıb. Onun meyiti A.Heydərov küçəsində kirayədə yaşayan evdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bəxtiyar Mail oğlu Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Əliheydər oğlu Məlikov müəyyən olunaraq tutulub.
Homoseksual əmisini qətlə yetirib
İsmayıl Cəbrayılov 23 iyul, 2014-cü ildə axşam saatlarında cinsi azlığın nümayəndəsi olduğunu bildiyi əmisi Eyvaz Cəbrayılovun qonşuluqda yaşayan iki nəfərlə nalayiq sözlər işlədərək səs-küy saldıqlarını eşidib.
Onların əxlaqsızlıq etdiklərini düşünən İ.Cəbrayılov əsəbi halda əmisigilin həyətinə keçərək onunla mübahisə etməyə başlayıb. Sərxoş əminin kobud cavab verməsi qardaşı oğlunu daha da əsəbiləşdirib. O, cibindən çıxardığı bıçaqla Eyvaz Cəbrayılova və onun yanındakı şəxslərə - Emil İsayev və Elşən Əhmədova zərbələr endirib. Elşən Əhmədov aldığı xəsarətlərdən hadisə yerində keçinib, digər iki nəfər isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqlarından onların həyatını xilas etmək mümkün olub.
İ.Cəbrayılov bildirib ki, əmisinin cinsi azlıq nümayəndəsi olduğunu biləndən sonra onunla küsülü olub, danışdırmayıb: "Bu barədə hələ 2012-ci ildə onun özünə də dedim, amma boynuna almamışdı. O vaxtdan onunla danışmırdım. Bu biabırçılıqdan həm canımızı qurtarmağı, həm də nəslimizin adına vurulan ləkəni təmizləmək üçün bıçaqla əmimin qarnından və sinəsindən zərbələr endirdim. Aşağı əyiləndə belindən də vurdum ki, birdəfəlik ölsün, canımız qurtarsın.”
Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olmadığını deyib: "Eyvaz kimi əxlaqsız adamları yalnız öldürməklə onların hərəkətlərinə son qoymaq olar. Belə insanlar cəmiyyət üçün virusdur, mikrobdur. Emilə və Elşənə gəlincə isə bu cür əxlaqsızla oturub-durduqlarına görə başlarına bu cür hadisə gəlməsinin günahı özlərindədir. Məni bu hadisəni törətməyə heç kim vadar etməyib. Əmimi öldürmək istəmişəm. Əməlimdən də peşman deyiləm. Amma Emillə Elşəni kimin vurduğunu bilmirəm."
Geyin sevgilisi tərəfindən boğazı bıçaqla kəsilib- 2015-ci il
Nərimanov rayonunda Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Vüqar Məmmədovun (ad şərtidir) kirayədə yaşadığı evdə naməlum şəxs tərəfindən boğazı bıçaqla kəsilib.
Onunla sevgili olan Bakı sakini,1993-cü il təvəllüdlü Rövşən Əliyev (ad şərtidir) hadisədən öncə bir neçə dəfə onunla qarşılıqlı cinsi əlaqədə olub. Sonuncu görüşlərində isə ondan pul tələb edib. 30 yaşlı gey sevgilisinin bu tələbini yerinə yetirməkdən imtina edib. Bundan sonra 22 yaşlı R.Əliyev xuliqanlıq zəminində onun boğazını kəsib.
Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.
Nərimaniv Rayon Polis Idarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Əliyev saxlanılıb.
Əvvəlcə cinsi əlaqədə oldu sonra qarət etdi
Zamiq Paşayev 2016-cı ilin sentyabrın 5-də, gecə saat 3 radələrində sosial şəbəkədə cinsi azlıq olan Həmid Məmmədovla (ad və soyad şərti verilib) tanış olub. O, Həmid Məmmədovu qarət etmək məqsədilə Biləcəridə kirədə qaldığı evə çağırıb. Həmid Məmmədov Zamiq ilə cinsi əlaqədə olmaq üçün 20 manat istəyib. Zamiq də onun dediyi məbləğlə razılaşıb.
Bundan sonra Həmid Məmmədov onun dediyi yerə gəlib və küçədə onlar görüşərək evə gediblər. Zamiq Paşayev evdə Həmid Məmmədovla bir neçə dəfə qeyr-təbii yolla cinsi əlaqədə olub. Sonra Həmid ondan istədiyi 20 manatı alıb.
Zamiq Paşayev Həmid Məmmədovu yola salmaq üçün evdən çıxıb. O, evdən çıxarkən özü ilə bıçaq götürüb.
Zamiq Paşayev küçədə Həmid Məmmədova basqın edib. O, əvvəlcə verdiyi 20 manatı, sonra 85 manat pulu və dəyəri 100 manat olan "Samsung Duos” markalı telefonu Həmiddən alıb.
Həmid Məmmədov baş verən quldurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsi 6-cı polis bölməsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zamiq Paşayev tutulub.
50 manata görə mübahisə düşdü, qətlə yetirildi
Bakı şəhəri, Nizami rayonu ərazisində baş verib. R.Şıxəliyev toy məclisindən çıxıb evə gedən zaman küçədə transgender R.B (şərti ad və soyad) ilə tanış olub. Daha sonra R.Şıxəliyev ilə həmin şəxs arasında pul üstündə mübahisə yaranıb. R.Şıxəliyev R.B.-ni yumruqla vurub. Yerə yıxılan R.B-nin başı daşa dəyib. Xəstəxanaya çatdırılan yaralı bir neçə gündən sonra dünyasını dəyişib.
R.Şıxəliyev saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılarkən R.Şıxəliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü maddəsi 124-cü (ehtiyatsızlıqdan adamöldürmə) maddəsinə tövsif edilib və 3 il müddətinə azadlıqdan məhrum olunub.
Çimərlikdə dörd nəfər gey və transgender döyülüb
Hadisə 2019-cu ildə Mərdəkan qəsəbəsində yerləşən “City Beach” çimərliyi yaxınlığında baş verib. Naməlum şəxslər 3-ü homoseksual, 1-i transgender qadın olmaqla 4 nəfər şəxsi döyərək ağır xəsarət yetiriblər.
Yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. T.R.-ya döş qəfəsinin sıyrıntısı, sağ bazunun əziyi, Q.C.-ya sol yanağın və hər iki dizin əziyi, Ə.M.-ya boyunun və sağ tərəfli böyrəyin əziyi, L.Ş.-ya isə sol qulağın sıyrılması diaqnozu qoyulub.
Homoseksual fərdə qarşı soyğunçuluq
Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Elşad Məmmədov və İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü Hüseyn Məmmədovun sosial şəbəklərdən birində Samir Səlimov (ad və soyad şərti verilib) ilə tanış olublar.
Elşad Məmmədov və Hüseyn Məmmədov 6 iyul 2019-cu il tarixdə, saat 21.00-da Sumqayıt-Bakı şose yolunun kənarında yerləşən Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində olan şamlıq hissəyə gəliblər.
Həmin vaxt Elşad Məmmədov orada Samir Səlimovun cibində olan portmanatın içərisində çoxlu miqdarda pul olduğunu görüb, həmin pulu zərərçəkmişin üzərindən oğurlamaq üçün bir-birlərinə işarə ediblər.
Daha sonra Elşad Məmmədov içərisində olan 470 manat pulu ağacın altına, portmanatı isə yerə atıb. Sonra həmin məbləği ağacın altından götürərək zərərçəkmişə ziyan vurublar.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Elşad Məmmədov 1 il 3 ay 4 gün, Hüseyn Məmmədov isə 1 il 3 ay 8 gün müddətinə azadlıqdan məhrum ediliblər.
11 bıçaq zərbəsi ilə transgender qadın qətlə yetirilib
2020-ci il iyunun 19-da Sarayevo küçəsində, ev 13-B-də qətl hadisəsi baş verib.
Cinayətin qurbanı, 1992-ci il təvəllüdlü Ağcabədi rayon sakini transgender qadın Aysu Məmmədli olub.
İlkin istintaq zamanı müəyyən edilib ki, həmin ünvanda kirayə qalan Kürdəmir rayon sakini Kənan Əbdürrəhmanovun qətldə əli olub. K.Əbdürrəhmanov soyuq silahla Aysu Məmmədliyə 11 zərbə endirib, nəticədə o, yerindəcə ölüb. Sonra şübhəli cəsədi polietilenə sarıyıb, lentlə bağlasa da ondan qurtula bilməyib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları ilə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə həyata keçirilmiş axtarış tədbirləri nəticəsində şübhəli şəxs tutulub.
Daha bir bıçaqlanma
İyunun 19-da isə “20 yanvar” metro stansiyası yaxınlığında adının açıqlanmasını istəməyən başqa bir transqadına bıçaqla hücum edilib. O, boynundan və çiynindən bıçaqlayıb. Trans qadın özünü maşından ataraq həyatını xilas edib. Həmin şəxs saxlanılıb.
Bakıda trans qadın bıçaqlanıb
Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisənin şahidi bildirir ki, seks işçiliyi ilə məşğul olan trans qadının evinə müştəri qismində gələn şəxs ona müxtəlif nahiyələrdən çoxsaylı bıçaq zərbələri endirib.
Zərərçəkən Respublika Klinik Xəstəxanasına çatdırılıb. Onun yaxınları və xəstəxananın qarşısında gözləyən jurnalistlər məlumat verir ki, qısa müddətdən sonra xəstə qanaxması davam etdiyi halda həkimlər tərəfindən evə buraxılıb. Yaxınlarının etirazlarından sonra o, yenidən xəstəxanaya qaytarılıb.
Transgender qadın yandırılaraq öldürülüb
2021-ci il avqustun 22-də Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində üzərində xəsarətlər olan meyit tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, öldürülən şəxs Ağdam rayon sakini, 27 yaşlı transgender qadın Nuraydır.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun sözlərinə görə Nurayı avqustun 18-də bıçaqla qətlə yetirmiş Ağcabədi rayon sakini Mirşahid Mehdiyev şübhəli şəxs qismində tutulub.
Bunlara da bax:
Comments