top of page

Gürcüstanda LGBT-nin Vəziyəti

Gürcüstanda LGBT fərdləri deyir ki, özlərini müdafiəsiz hiss edirlər. Təhqirlər, fiziki zorakılıq, təhdidlər, ayrı-seçkilik – bu, onların adi həyatıdır. Valideynləri də ağır durumdadır – cəmiyyət ovladlarının oriyentsyasına görə məsuliyyəti onların üzərinə atmağa çalışır.

İstənilən narahatlığa hazıram, təki övladıma yaxşı olsun

“Uşağına fikir verərdin, kişi olmaq əvəzinə qız olmazdı”, “Böyüyüb, kim olacağını bilsəydin, abort elətdirərdin”, “Pederastın anası” – Emzonun anası Keto Benidze hər gün ünvanına bu cür sözlər eşidir. Ətrafdakıların bu cür hücumlarına baxmayaraq, Keto oğlunu sevir, onunla ünsiyyətini kəsmir və dəstəkləyir. Emzo valideynlərinə gey olduğunu 24 yaşında deyib. Anası ilə atası əvvəlcə bunu qəbul edə bilməyiblər, amma nəticədə valideynlərin sevgisi  “camaat nə deyər” qorxusuna üstün gəlib.


Emzonun özü artıq Gürcüstanda yaşamır, bir ildən çoxdur ki, Belçikaya köçüb. Homofobların hücumlarına indi anası məruz qalır.

“Hirslənirəm, hirsdən boğuluram anam mənə görə iyrənc sözlər eşitməli olanda”, – Emzo deyir. – “Məqsədli şəkildə təhqir edirlər, əsəbləşdirirlər. Dəqiq bilirəm ki, işdən evə uzun yolu qayıtmaq ona necə ağır başa gəlir, aldığı çörəklə birlikdə necə nifrət dolu baxışları daşıyır, ünvanıma söyüşləri eşitmək onun üçün necə dözülməz ağır bir şeydir”.

Nifrət dolu şərhlərlə transgender qızın anası Tamilla Qatsereliya da yaşamağa məcburdur. Tamiladan tez-tez niyə “oğlu” özünü “qız kimi” aparır, niyə onunla daha sərt davranmır, niyə onu küçəyə atmır – deyə soruşurlar.

Ana heç bir sualı cavabsız qoymamağa və övladının “xəstə olmadığını” izah etməyə çalışır. “Onun tamhüquqlu vətəndaş olmasını istəyirəm. Özüm istənilən narahatlığa hazıram, təki uşağıma yaxşı olsun”, – Tamila Qatsereliya deyir.



Hər kvir övladın doğulması ilə bir kvir valideyn də “dünyaya gəlir

Nana Pansulaya qızı Mariamın ona nə vaxt lesbiyan olduğunu dediyini artıq xatırlamır. Deyir ki, qızını elə həmin andaca qəbul etdi.

“Anlamıram, insanı sevirsənsə, onu niyə nəzarətdə saxlamalı və məhdudlaşdırmalısan. Mariamın öz həyatı var, onun nə etdiyinə, necə etdiyinə, ümumiyyətlə necə yaşamasına hörmətlə yanaşıram. Heç vaxt onun şəxsi həyatına qarışmağa çalışmamışam, hətta o balaca olanda da. İndi heç qarışmıram”, – Nana Pansulaya deyir.


Nana nəinki qızının homoseksuallığını qəbul edir, həm də Gürcüstanda LGBT hüquqlarını fəal müdafiə edir. Mariam xatırlayır ki, 17 may 2013-cü il tarixində keşişlərin başçılığı altında camaat homofobiyaya qarşı aksiyaya çıxanlara hücum çəkəndə qızının yanında idi.  

“O mənim təkcə anam deyil, həm də ən yaxın, ən çox sevdiyim rəfiqəmdir. O, həmişə öz üzərində işləyir, şəxsiyyət, feminist hərəkatının fəalı, “qeyri-standart” hərəkatların müttəfiqi kimi inkişaf edir. O yəqin ki, mənimlə yaşıd fəalların ilk analarından biridir ki, bizi açıq dəstəklədi, aksiyalara çıxdı və cəmiyyətimizin üzvlərinin gündəlik reallığına çevrilən problemlərlə üzləşdi”, – Mariam danışır.

Mariam artıq bie neçə ildir ki, ABŞ-da yaşayır, anası isə indiyə qədər də bütün LGBT-yə dəstək aksiyalarında iştirak edir. “Hardasa rastıma çıxan bir ifadədən çox xoşum gəlir: “Hər kvir övladın doğulması ilə bir kvir valideyn də “dünyaya gəlir”. – Nana deyir. – “Bütün valideynlərə bunun üzərində düşünməyi təklif edirəm”.

Sevgi sevgidir

Nananın qızı Mariam Qoqolaşvili homofobiyanın səviyyəsi çox aşağı olan Nyu-York və San-Fransisko şəhərlərində yaşayır. Onun sözlərinə görə, homofob replikaları ABŞ-da eşidib, amma bunu Gürcüstanla müqayisə etmək mümkün deyil.

“Burada heç kim mənə daş atmayıb, ictimai nəqliyyatda saçlarımı yolmayıb, gecə klublarında sillə vurmayıb, barlarda içkini üzümə tökməyib, seksual oriyentasiyama görə heç kim məni zorlamağa cəhd etməyib, buna görə heç kim mənə kafe və ya mehmanxanada xidmət göstərməkdən imtina etməyib, dinc aksiyada iştirakıma görə heç kim öldürməyə cəhd etməyib. Bütün bunlar həqiqətən də Gürcüstanda başıma gəlib, bütün bunlardan keçmişəm, özü də dəfələrlə”, -Mariam danışır.

Gürcüstandan başqa ölkəyə daimi yaşamaq üçün 23 yaşlı Monika Tiqişvili də gedib. O, transgender qadındır. Deyir ki, hər evdən çıxanda təhqir və istehza ilə qarşılaşıb. “Axırda belə nəticəyə gəldim ki, özümü təhlükəsiz hiss etmək, özümü realizə etmək, qorxusuz yaşamaq üçün Gürcüstandan getməliyəm”, – o deyir. Monika qeyd edir ki, Gürcüstan kimi bir yerdə valideynlərin dəstəyinə belə ümid etmək ağırdı, onlar da övladlarına görə aqressiyaya məruz qalır.  

Fəal Niko Qorqiladze də ətrafdakıların homofobiyasına görə Gürcüstanı tərk edib. Nikoya 17 may 2013-ci il aksiyasında “Sevgi sevgidir, həmişə və hər yerdə” sözlərini səsləndirərkən  hücum ediblər.

Hirsli insan kütləsindən onu polis kordonu ayırırdı, amma kordonu yarıb keçdilər və Niko kürəyindən zərbə aldı. Fəal həbs tələbindən imtina etdi və xahiş etdi ki, hücum çəkəni həbsxana ilə deyil, ictimai işlərlə cəzalandırsınlar. Hücum çəkəni məhkəmə valideyn himayəsinə verdi, Niko isə Gürcüstanı tərk etdi.


Gürcüstanda LGBT-nin paradlıq halı yoxdur

17 may 2013-ci ildə Gürcüstan dövləti sərbəst toplaşma və özünü ifadə azadlığını təmin edə bilmədi –keşişlərin rəhbərlik etdiyi hirsli kütlədən homofobiyaya qarşı aksiya iştirakçılarını Rustaveli prospektindən mikroavtobuslarla apardılar. Növbəti il patriarxiyanın təşəbbüsü ilə mayın 17-si Ailə Saflığı Günü elan edildi və hər il ruhanilər dindarlarla birlikdə kütləvi yürüşlər keçirirlər. 17 may – Homofobiya ilə Mübarizə Günündə LGBT aksiyalarını keçirmək çox çətin və təhlükəlidir. LGBT-yə qarşı çıxanlar hər il mütəşəkkil şəkildə aksyanın keçirilməsinə mane olurlar.

Bu il Gürcüstanda ilk dəfə LGBTK (lesbiyanlar, geylər, biseksuallar, transgenderlər, kvirlər) prayd keçiriləcək. Sosial teatr, beynəlxlaq konfrans və ləyaqət marşı – Tbilisidə prayd çərçivəsində 18-23 may tarixlərində keçiriləcək tədbirlər siyahısıdır. Gürcüstanda ilk LGBTK prayd özünün əsas komponenti bayram karnavalı olmadan baş tutacaq.   

“Gürcüstanda paradlıq halımız yoxdur. Gürcüstanda o vəziyyət deyil ki, bu cür karnavallar keçirək. Praydımız siyasi olacaq. Gürcüstanda LGBT-nin üzləşdiyi çağırışlar və problemlər barədə danışmaq istəyirik”, – praydın təşkilatçılarından biri olan Giorgi Tabaqari deyir. O vurğulayır ki, son illərdə miqrasiya səviyyəsi xeyli artıb, daha çox LGBTK Gürcüstanı tərk edir, bu da narahat etməyə bilməz.


Mənbə: jam-news.net


 

Bunlara da bax:

71 görüntüleme

Comments


bottom of page