top of page

Müxtəlif Zaman və Məkanlarda Gender Anlayışı



Maskulin və feminenliyə xas olaraq qəbul edilən davranışlar müxtəlif mədəniyyətlərdə xeyli fərqlənir və zaman boyunca dəyişikliyə məruz qalır. Beləki, sıradan bir azərbaycanlının gender anlayışı bir avropalının gender anlayışından təmamilə fərqlidir. Həmçinin, bir övlad ilə atasının gender anlayışı əksərən üst-üstə düşmür. Gender anlayışında bu dəyişkənlik sosiologiya elmində başlıca maraq mövzusuna çevrilmişdir və haqqında minlərlə araşdırma aparılmışdır. Müxtəlif zamanlarda və mədəniyyətlərdə gender anlayışı haqda nümunələrə keçməzdən öncə bu məqalə boyu tez-tez rastlaşacağınız bəzi sosioloji terminlərə aydınlıq gətirək.

Əvvəla onu qeyd edək ki, sosiologiyada cins və cinsiyət (gender) fərqli anlayışlardır. Cins fərdin bioloji xüsusiyətlərini, məsələn hormonal balans, çoxalma orqanları, xromosomlar və digər fiziki xüsusiyətlər, özündə əks etdirir. Biolojik olaraq fərdlər erkək, dişi və interseks (hermofrodit) olaraq təsnifatlandırılır. Cinsiyət (gender) isə daha dəyişkəndir- bioloji cinsdən asılı ola və olmaya bilir. Başqa sözlə, cinsiyət cəmiyyətin cins kateqoriyalarını necə qəbul və idarə etməsindən bəhs edən konseptdir. Cins kateqoriyalarını qəbul və idarə etmək dedikdə qadın və kişi rollarının təyin olunması, bu rollara müxtəlif mənalar yüklənməsi, fərdlərin özlərini hansı şəkildə (kişi, qadın, transgender, interseks, gender queer vəs.) qəbul etməsi və tanıması başa düşülür. Cinsiyət özündə sosial normaları, cəmiyət tərəfindən qəbul edilmiş hər hansısa cinsə uyğun olan davranış və rəftarları ehtiva edir. Cinsiyət həmçinin fərdlərin davranışlarını, özlərini necə hiss və qəbul etmələrini əhatə edir. Sosiologiyada cinsiyət habelə cəmiyətin fərdlərin maskulinlik (“kişi”lərə xas hesab edilən davranış və rəftar) ilə feminenlik (“qaddın”lara xas hesab edilən davranış və rəftar) arasındakı fərqlər barəsində anlayşlarına necə təsir etdiyini öyrənir.

İndi isə cinsiyət konseptinin əsas mövzusu olan maskulin və feminen anlayışları haqda danışaq. Doğurdanda kişi və qadınlar arasındakı bioloji fərqlər sosioloji fərqlərə gətirib çıxara bilər?


Professor Konnel maskulinliyi “geniş proseslər topluluğu” adlandırır. Onun sözlərinə görə “geniş proseslər topluluğu”na cinslər arası əlaqələr, qadınlar və kişilər arasındakı cinsiyət təcrübələri, və bu təcrübələrin bədəndə, şəxsiyyətdə və mədəniyyətdə təsirləri aid edilir. O maskulinliyi bir neçə qrupa ayırır. Üstün maskulinlik (hegemonic masculinity) bu qruplar arasında ən öndə gəlir. Beləki, Qərb mədəniyyətində ağ dərili, yüksək təhsilə malik, orta təbəqə, fiziki sağlamlığı bütöv və heteroseksual kişilər gücə malikdirlər. Bu xüsusiyyətlərin hər birini özündə cəmləyən fərd cəmiyyət tərəfindən ən ali fərd olaraq qəbul edilir. Lakin bunlardan biri fərqli olan kişi (digər irqə mənsub, orta təhsilli, aşağı təbəqə, fiziki əngəlli və ya qeyri-heteroseksual cinsi orientasiyaya sahib) üstün maskulinliyin kişilərə verdiyi sosial gücdən bütövlükdə bəhrələnə bilmir. Ümumilikdə götürsək, üstün maskulinlik konsepti sinfi, irqi, cinsi təbəqələşməyə əsaslanır.

Feminenlik patriarxal ideyalar əsasında formalaşmışdır, buna görə də qadınlar hər zaman kişilərdən daha aşağı olaraq görülür, cəmiyətdə sosial gücdən kişilər qədər bəhrələnməkdə çətinlik çəkirlər. Maskulinlikdə olduğu kimi üstün feminenlik (hegemonic femininity) ağ dərili, orta təbəqə, heteroseksual və fiziki cəhətdən əngəlsiz qadınlar azlıqda qalan (bu xüsusiyətlərdən hər hansısa biri çatışmayan) qadınlarla müqayisədə daha çox sosial gücdən faydalanırlar. Təbii ki, üstün feminen qadınlar üstün maskulin kişilərdən çox daha az sosial gücə malikdirlər. Bu qeyri-bərabərliyi aradan qaldırmaq üçün qadınlar aşağıdakı yollardan istifadə etməlidirlər:

  • Qadınlar haqda cinsiyətçi və irqçi deyimləri imtina etmək

  • Cinsi taciz və təcavüzə qarşı mübarizə aparmaq

  • Kişilərin üstünlük təşkil etdiyi sahələrdə (elm, ağır idman növləri vəs) özlərini sınamaq

  • Film, kitab və hekayələrdə qadını obyektləşdirən təsəvvürlərə qarşı çıxmaq

  • Ümumilikdə sosial normaları sorğulamaq

İndi isə məqalənin girişində qeyd etdiyimiz zaman və məkanca biri-birindən fərqlənən nümunələr vasitəsi ilə cinsiyət anlaşının necə dəyişdiyini, üstün maskulinlik anlayışının müxtəlif zaman kəsikləri arasındakı necə fərqləndiyini, cinsiyət davranışlarının dünyanın müxtəlif yerlərində necə qəbul olunduğunu, mədəni və dini faktorların ümumi cinsiyət anlayışında rolunu görmüş olacağıq.

XVI əsrin Avropası


14cü Luisin portreti. Rəssam: Hyacinthe Rigaud

Hazırda Qərbi Avropada qəbul edilmiş feminen və maskulin anlayışları keçmişdəki ilə uyğun deyildir. Beləki, XVI və XVII əsrlərdə aristokrat qərb kişiləri öz sərvətlərini nümayişetdirmək üçün hündürdaban çəkmələr geyinirdilər. Bu çəkmələr üzərində yerimək çətin olsa da, onlar yüksək status, maskulinlik və gücün simvolu idi. Qərbi Avropada qadınlar hündürdaban çəkmədən istifadə etməyə yalnız XIX əsrin ortalarında başladılar. Səbəb isə nə yüksəs status idi nə də ki güc, əksinə qadınların seksuallaşdırılmasında müşahidə olunan artım idi.

Vodaabe (Nigeriya)


Vodaabe kişiləri xüsusi mərasimlərdə qadınları cəlb etmək üçün bəzənirlər. Onların makyajdan istifadə etməsi, bəzəkli geyimlər geyinməsi və cəvahirat taxması hazırda Avropada feminen əlamətləri kimi görülsədə Vodaabedə bu qədim ənənələrdən biridir və “kişilik” sayılır. Həmin mərasimlərdə qadınlar geyimi və rəqsini bəyəndikləri kişiyə yaxınlaşırlar hansıki bu qərbdə feminenliyə deyil maskulinliyə xas əlamətdir.

“İki Ruhlu” (Yerli Amerikan Hindular)


We-Wah, iki ruhlu qadın. Foto: Chicago Whispers

Qədim amerikan hindu inanclarında “İki Ruhlu” insanlar müqəddəs hesab olunurdular. Feminen kişilər “nadleehi”, maskulin qadınlar isə “dilbaa” adlandırlırdı. Belə insanların özlərini hiss etdikləri cinsə çevirmək haqqları var idi və bundan sonra onlar evlənə bilərdilər. Həmçinin, “iki ruhlu” çütlüklər bir araya gələrək cinsi əlaqədə olurdular və bu zaman onların uşaqları olarsa həmin uşaq heç bir təzyiq olmadan “iki ruhlu” ali sinfinə aid edilirdi.

Qadın Ərlər (Müxtəlif Afrika Mədəniyyətləri)


Nandidə "qadın ər". Foto: SelfSurpise

Afrikada 30-dan çox mədəniyyətdə qadınlar bir-birləri ilə evlənmək hüququna sahibdirlər. Belə qadınlar “qadın ər”lər adlandırılır. “Qadın ər”lər “gəlin başlığı” pulunu ödəyə biləcək qədər varlı olmalı və mütləq bir kişi ilə rəsmi nikahda olmalı idilər. Bu qadınlar arasında intim əlaqələr olmur, münasibətləri daha çox ailə və iqtisadi razılaşmaya əsaslanır. Qərbi Kenyanın abagusii adlanan əhalisi arasında bu ənənə geniş yayılıb. “Qadın ər”lə evlənən qadın həmin qadının uşaqlarına baxmalı, onların tərbiyəsi ilə məşğul olmalıdır çünki bu tayfada övladın bioloji atası uşağı üzərində heç bir haqqa sahib olmur. Həmçinin, “qadın ər” ənənəsi Kenyanın nandi, Cənubi Afrikanın lovedu, Benin və Nigeryanın lgbo tayfalarında mövcuddur.

Kathoey (Tayland)


Taylandda bioloji olaraq kişi doğulan lakin özünü yarı qadın yarı “sao praphet song” (ikinci növ qadın) qəbul edən şəxslər kathoey adlanır. Onlardan bəziləri özlərini transgender, digərləri isə “üçüncü cins” olaraq görür. Taylandın monarxiya idarə etməsi və kənar koloniyaçıların təsiri nəticəsində hazırda kathoeylər üçün həyat xeyli çətinləşib. Buna görə də hazırda Taylandda katohey aktivistlər və məşhurlar öz hüquqları uğrunda mübarizəyə başlayıblar.

Katoheylər haqqında sənədli film:


72 görüntüleme
bottom of page