top of page

"Universitetdə oxuduğum zaman dəfələrlə oğlanlar tərəfindən döyülmüşəm" -Azərbaycanlı Transgender

Devran İbrahimsoy dünyaya qadın bədənində gəlsə də, lakin sonradan cinsini dəyişdirərək, ruhən aid olduğu kişi bədəninə qovuşub. O, AYNA-nın həmsöhbəti olaraq, hansı səbəbdən cinsini dəyişdiyi, buna nə zaman qərar verdiyi sonradan peşman olub-olmamasından danışıb.


Necə oldu ki, homoseksual olduğunuzu hiss etdiniz?

- Bu, mühitdən asılı deyil, homoseksuallıq anadangəlmədir. ABŞ-da araşdırma aparılıb və aydın olub ki, hər kəs homoseksualdır. Hətta özlərini heteroseksual kimi təqdim edənlər də homoseksualdır. Məlum olub ki, heteroseksual insan yoxdur. Sadəcə bu, şüuraltıdır, üzə çıxması üçün münbit təsir olmalıdır.

Mənim də özümü 15 yaşında tam dərk etmişəm. Ancaq uşaq vaxtından oğlan oyuncaqları ilə - maşınla, silahlarla oynamışam. Qızlarla gəlincik oynatmağa marağım olmayıb. Yəni qız kimi olmamışam. Uşaqlıqda mənə qız deyəndə belə, əsəbləşirdim. Hətta qızlar yanımda paltar dəyişəndə üzümü çevirirdim, baxmırdım. On beş yaşım olanda isə məni maşın vurdu və həmin qəzadan sonra özümü oğlan kimi hiss etməyə başladım, 22 yaşında isə tam dəyişməyə qərar verdim.


İndi hansı cinsin nümayəndələrinə maraq göstərirsiniz?

 

- Mən biseksualam. Həm kişilərə, həm də qadınlara marağım var. Hər iki cinsdən olan birini sevə bilərəm. Amma sadiq biri olduğum üçün eyni anda iki nəfəri sevə bilmərəm. Həm də uzunmüddətli münasibətlərə üstünlük verən biriyəm. Sadəcə, mən cinsiyyət kimliyindən əziyyət çəkirəm. Bədənimin qadın kimi olması mənə əziyyət verir.


İlk sevgiliniz qadın olub, yoxsa kişi?


- İlk dəfə liseydə bir qız ilə sevgili olmuşam. O zaman mən 8-ci sinifdə oxuyurdum, o isə 5-ci sinifdə. Münasibətimiz 9 il çəkdi. Aramızda nişanlanmışdıq da. Bir gün oğlan dostum mənə şəkil göstərib dedi ki, "fırlatdığı" qızdır. Gözlərimə inanmadım, sevgilimin şəkli idi. Məndən xəbərsiz 2 il dostumla da münasibət qurubmuş. Onun xəyanəti nəticəsində ayrıldıq.


Hormonal dərmanlar vasitəsilə bədəninizi kişi bədəninə oxşadırsınız. İllər sonra bir kişi sevsəniz, görünüşünüz sizə problem yaratmayacaq?


- O zaman mən gey sayılacam. Mən ruhən onsuz da oğlanam. Cismimi də qısa zamanda dəyişdirəcəyəm. Amma Azərbaycanda yox, xaricə köçmək və orada tam dəyişiklik etmək niyyətindəyəm. Çünki bizim cəmiyyət buna hələ hazır deyil.


Görünüşünüzə görə problemləriniz olurmu?


- İnsanlar tərəfindən çox zorakılıqlara məruz qalmışam. Oğlanlar məni çox döyüb. “Dönmə”, “ibnə”, “petux” kimi sözlər deyirlər. Bir müddət öncə metroda sevgilimlə gedirdik. Oğlanlar bizi gördü və hamının gözü qarşısında “dönmə”, “gey” deyərək təhqir etməyə başladılar. Susdum, cavab vermədim. Sevgilimi evlərinə yola salıb metroya düşəndə isə həmin oğlanlar tərəfindən döyüldüm.


Dindar şəxslərin sənə münasibəti necədir?


- Mən Şəmkirdə doğulub, böyümüşəm. Orada dindarlar mənə cin deyirdilər. Xalam biseksual olduğumu biləndə mənə dedi ki, bu, İslam dinində günah hesab olunur, Allah səni necə yaradıbsa, elə də olmalısan. Mən də dedim ki, dinə qarşı çıxan biriyəm, ateistəm, necə şəriətə uyğun hərəkət edim?


Şəmkirdə sizin kimi şəxslər var?


- Əlbəttə, sayları çoxdur. Sadəcə rayon olduğu üçün gizlədirlər. Onları Bakıya buraxsınlar, o zaman görün, nələr edərlər.


Ailənizlə, qohumlarınızla münasibətiniz necədir?


- Atamla anam çoxdan ayrılıb. Atamı uzun zamandır görmürəm. Mən anama, xalalarıma daha yaxınam. Onlara görə canımı qurban verərəm. Anam mənim qızlara meylli olduğumu bilirdi. Hər dəfə anama cinsiyyətimi dəyişəcəyimi deyirdim. Yəqin ki, anam sayıqladığımı düşünüb, məni ciddiyə almırdı. Bir ay öncə hormon dəyişdirən iynələrə başlayanda ailəmlə problemlərim yarandı. Artıq 1 aydır evdən, tamamilə ayrılmışam. Məni yalnız balaca bacım dəstəkləyir. O da müasir gənc olduğu üçün belədir.


İş tapmaqda problemləriniz yaranmır?


- Görünüşümə görə çox problem yaranır. Bəzən “gedin, xəbər edəcəyik” deyirlər, amma xəbər etmirlər. Amma hazırda dostumun gəcə klubunda ofisiant işləyirəm. Klubda işləyəndə də problem yaranır. Müştərilərin əksəriyyəti oğlan olduğu üçün ofisiant qızların onlara qulluq etməsini istəyirlər. Bir ara xalamın yanında işləyirdim. Hamı soruşurdu ki, yaşım ötür, niyə ailə qurmuram, uşaq dünyaya gətirmirəm. Bu söhbətlərdən bezdim və onlara sevdiyim qızın olduğunu dedim. Hər kəs şokda idi.


Azərbaycanda həkimə cinsiyyət dəyişimi üçün müraciət edəndə həkimin reaksiyası necə olur?


- İlk dəfə Şəmkirdə terapevtə yaxınlaşdım. Həkimin qəbuluna keçəndə mənə ilk sualı belə oldu: “Cinsi əlaqədə necə olursan?” Utanmadım, cavab verdim ki, cinsi əlaqədə olmuram. Həkimə dedim ki, bioloji olaraq qızam, görünüşcə isə oğlan. Həkim şoka düşdü, məsləhət gördü ki, psixoloq yanına gedim. Dedim ki, yox, psixoloq ilə daim ünsiyyətdə oluram, psixoloji problemim yoxdur, sadəcə cinsiyyətimi dəyişmək istəyirəm və buna illərlə hazırlaşmışam. Eyni zamanda ginekoloqa gedəndə daha çox problem yaranır. İlk dəfə ginekoloqa gedəndə mənə demişdi ki, uroloq aşağı mərtəbədədir. Mən qadın olduğumu deyəndə digərləri kimi şoka düşmüşdü. Məni müayinə edəndən sonra isə demişdi ki, ilk dəfədir trans yoxlayır. Daha sonra həmin ginekoloq məni sosial şəbəkələrdə taparaq xoşu gəldiyini etiraf etmişdi.


Ali təhsillisiniz? 


- Liseydə zəif oxumuşam. Müəllimlərim düşünürdü ki, universitetə daxil ola bilməyəcəm. Amma mən Azərbaycan Tibb Universitetinin tələbəsi oldum. Ailəm “qız nədir, evdən ayrı qaldı nədir, Bakıya getdinsə, pozulacaqsan” düşüncələri ilə ali təhsil almağıma razı olmadılar. Amma mən mübarizə apardım və Bakıya ali təhsil almaq üçün gəldim. Dörd il sonra isə iki səbəbə görə universitet təhsilimi yarımçıq qoydum. Birinci səbəb ailəmin təhsil almağıma razı olmaması idi, çünki ailəmdən uzaq qaldığıma görə sıxılırdım. İkinci səbəb isə universitetin oğlanlarının mənimlə problem yaratması və dəfələrlə döyməsi idi. Təhsili atdığım üçün bəzən müəyyən qədər peşmançılıq hissi keçirirəm. Amma sonra düşünürəm, yaxşı ki, ali təhsil almadım, xaricə gedərəm və orada təhsil alaram. Yaxşı rəsm çəkirəm, dizaynı bacarıram. Bəlkə də idman sahəsi ilə bağlı ali təhsil aldım.


İdmançısınız. Yarışda qızlarla döyüşürsünüz, yoxsa oğlanlarla?


- Braziliya ciu-citsusu ilə məşğulam. Bu idman növündə qadın və kişilər eyni döyüşürlər. Mən də rəqibim olmayanda öz yaşımda, çəkimdə və mənlə eyni kəmərdə bir olan kişilərlə döyüşürəm.


Hər kəs övlad sahibi olmaq istəyir. Siz uşaq probleminizi necə həll edəcəksiniz?


- Uşaqları çox sevirəm. Ancaq uşaq dünyaya gətirsəm, cinsiyyətimi dəyişə bilməyəcəm, buna icazə yoxdur. Çünki bu zaman valideyn uşağa psixoloji travma vermiş olur. Amma uşaq istəyirəm. Artıq elm inkişaf edir. Qadının onurğasından ilik götürüb onunla süni mayalanma edirlər və partnyorun bətninə yerləşdirirlər. Bu gedişlə dünyada kişilərə ehtiyac qalmayacaq. O da alınmasa, 1 yaşına qədər hansısa atılmış körpəni himayəyə götürmək istərəm. Amma təbii ki, bütün bunları Azərbaycanda yox, xaricə getdikdən sonra orada reallaşdıracağam.



 

Bunlara da bax:

255 görüntüleme
bottom of page