top of page

Avstraliyada ilk LGBT məscidi açılır



Avstraliyada bir gey imam ölkədə LGBTI icması üçün ilk məscidi açmaq niyyətindədir. O deyir ki, ölkədə yaşayan gey müsəlmanların dəstək və təhlükəsiz məkanlara ehtiyacı var.


Avstraliyalı gey imam Nur Warsame LGBTI icmasının bir neçə gənc müsəlman üzvünün həyatlarına təhlükə hiss etdiklərinə görə onun evində qaldığını deyir. Bu səbəbdən o hesab edir ki, LGBTI müsəlmanların yaşamaq və ibadət etməyə təhlükəsiz məkana ehtiyacı var. O, açacağı LGTBI məscidinin içərisində təhlükəsiz bir ev və psixologiya mərkəzinin olmasını istəyir.

«Gənclərimizin ehtiyacı olan ən vacib şeylərdən biri təhlükəsiz və əlçatan evdir. Gənclər təhlükəsiz həyat sürə bilmək üçün onlara travma yaşadan mühitdə olmamalıdırlar»,– imam Warsame Avstraliyanın ABC kanalına deyib.

Yeni məscidin Avstraliyanın Melburn şəhərində tikilməsi planlaşdırılır. Warsame-nin sözlərinə görə, o, yeni məkanın təhlükəsiz olması üçün yerli hüquq-mühafizə qurumları ilə birgə çalışır.

«Məscid mərkəzdə yerləşir və insanlara məsləhət gördüyüm bir sıra xidmətə yaxındır: LGBT icmasının tibb mərkəzi olan «Prahran Market Clinic» də yaxınlıqda yerləşir. Xəstəxana da, polis məntəqəsi də yaxınlıqdadır», – Warsame Avstraliya mətbuatına deyib.

Somalidə doğulmuş Warsame Avstraliyanın nüfuzlu imamlarındandır. O, bir zamanlar Melburnun ən böyük məscidinə rəhbərlik edib. O, həm də hafiz tituluna malikdir. «Hafiz» Quranı tam əzbər bilən insanlara deyilir. Ancaq onun mömin müsəlman olması Avstraliyada yaşayan bəzi müsəlman din xadimləri üçün yetərli deyil. 2010-cu ildə imam Warsame öz cinsi oriyentasiyasını açıqlayandan sonra Avstraliyanın bir çox müsəlman din xadimi onunla bütün əlaqələri kəsib.

Bu illər ərzində Warsame ölüm hədələri ilə də üzləşib. Müsəlman icmasının bir çox üzvü onun homoseksuallığının dinə uyğun olmadığına inanır. Ancaq bütün bunlar onu fəaliyyətindən çəkindirmir. O, özünün eyni zamanda həm gey, həm də müsəlman olmasından açıq danışmaqdadır. O, həmçinin homofobiya və islamofobiya ilə üzləşməsindən danışır.

«Bu iyrəncdir, çünki sən həm islamofobiyadan, həm də homofobiyadan əziyyət çəkirsən. Bir tərəfdən meynstrim qeyri-müsəlman icması, digər tərəfdən hətta LGBT icmasının bəzi üzvləri sənə hücum edir», – deyə o, 2016-cı ildə Avstraliya mətbuatına müsahibəsində demişdi.

«Əgər gey olduğunuzu açıq bəyan etmisinizsə, sizinlə bütün əlaqələr kəsiləcək, siz təcrid olunacaqsınız. Hətta dünyanın müxtəlif yerlərində bəzən həyatınızı itirmək riskiylə üz-üzə qalacaqsınız», – imam Warsame deyir.

Müsəlmanlar üçün LGTBI məkanlarının sayı çox deyil. Ancaq dünyada bir neçə belə yer var. Onların arasında Torontoda yerləşən Birlik Məscidi (Unity Mosque) və ABŞ-dakı Ərəb Gey Kollektivi (Arab Queer Collective) də var.

Əvvəllər Viktoriya İslam Şurasının katibi olmuş, hazırda isə «Islamicare» adlı müsəlman telefon qaynar xətti işlədən icma rəhbəri Kuranda Seyit hesab edir ki, mühafizəkar imamlar LGBTI kontekstində ailədaxili münaqişə və zorakılıq halları ilə işləməyi öyrənməlidirlər.

«Birincisi, öz prinsiplərinə sadiq qalmaqda pis bir şey yoxdur. Müsəlman olaraq dinim mənə homoseksuallığın yolverilməz olduğunu öyrədir... Kimsə kimisə öldürmək və ya döyməklə hədələyirsə, bu pisdir. Məncə siz bir günaha istinad edib başqa günaha haqq qazandıra bilməzsiniz, biz sadəcə, daha praqmatik və açıqfikirli olmalıyıq», – o deyir.

2016-cı ildə aparılmış siyahıyaalmanın nəticələrinə görə, Avstraliya əhalisinin 604 min 200 nəfəri, başqa sözlə, 2.6 faizə qədəri özünü müsəlman hesab edir. Ölkə müsəlmanlarının 1/5-ə qədəri Melburn şəhərində yaşayır.

1960-cı illərdən bəri Türkiyə və Livan kimi ölkələrdən müsəlmanlar Avstraliyaya mühacirət ediblər. 1990-cı illərdə isə Əfqanıstan, İran, İraq, Bosniya-Herseqovina, Albaniya, İndoneziya və Malayziya kimi ölkələrdən müsəlman qaçqın və mühacirlər gəlib.

14 görüntüleme
bottom of page