Gender rollarının dərin kök saldığı cəmiyyətimizdə makyaj bloqeri olan azərbaycanlı gənc oğlanın varlığı bizi təəccübləndirməyə bilməzdi. Sosial şəbəkədən əlaqə quraraq müsahibəyə dəvət etdik və məmnuniyətlə qəbul etdi. Müsahibəni təqdim edirik:
Əvvəla özünüzü təqdim edin
Mən Aliz Əliyev. 17 yaşım var. Əsl adım Əli olsa da, heç kim məni belə çağırmır.
Azərbaycanda ilk kişi makyaj bloqerisən. Bəs makyaja istək nə vaxtdan yarandı səndə?
Uşaqlıqdan, hardasa 6 ya 7 yaşım olanda anamı və bacımı makyaj edirdim. O vaxtlar həvəskar idim, və yaxşı bacarmırdım, lakin yenə də edirdim. Vaxt keçdikcə təcrübə qazandım və indi yanıma makyaj etməyə gələnlər var. Makyaj mənim üçün hər şeydi. Ən sevdiyim peşədir.
Bəs bu sahədə hansısa peşəkardan dərs almısan mı? Ümumiyətlə makyaj etməyi necə öyrəndin?
Yox, heç kimdən dərs almamışam, özüm öyrənmişəm. Açığı dərs verənlərdən daha bacarıqlı olduğumu düşünürəm (gülür)
Gələcəklə bağlı planların nədir? Bu işlə peşəkar olaraq məşğul olmağı düşünürsən yoxsa hobbi olaraq görürsən?
Təssüfki hələki kəfv olunmamışam, lakin gələcəklə bağlı istərdim ki youtube kanalı və böyük bir studio açım. Makyaj etmək həvəsində olanlara dəstək olmaq istəyirəm.
Ana və bacına makyaj etdiyini dedin. Bəs ailənin, dostlarının münasibətləri necədir?
Ən böyük dəstəkçilərim ailəm və dostlarımdır. Onlar olmasaydı bəlkədə bacarmazdım.
Bəs bu işlə məşğul olduğun üçün heç qınağa, ayrı-seçkiliyə məruz qalmısan mı?
Əlbəttə ki üzləşmişəm çünki gördüyüm iş hər kəsin başa düşə biləcəyi bir şey deyil. Qınaqlar əsasən məktəbdə oğlanlar tərəfindən olur. Bir dəfə də zavuçla (direktor müavini) ilə problemim olmuşdu.
Bu haqda biraz ətraflı danışa bilərsən?
Deməli sentyabın 17-si məktəbə gedəndə zavuç məni yanına çağırdı və "valideynlərin məktəbə gəlsin" dedi. İlk dərs günü olduğu üçün mən səbəbini soruşdum, lakin demədi. Anam iş qadını olduğu üçün məktəbdə iclaslarda iştirak edə bilmir. Bu dəfə də gələ bilmədi. Bundan sonra zavuç mənə digər uşaqlara davrandığı kimi davranmırdı, rəftarı mənfiyə doğru dəyişmişdi. Dostlarımın mənə səbəbin makyajla bağlı olduğunu desə də buna inana bilmirdim. Bir gün otağına gedib belə davranışının səbəbini soruşdum. Cavabında isə instagramda şəkillərimi gördüyünü dedi. Mən isə ağlayaraq "hər kəsin öz həyatı var. Siz mənim həyatıma cavabdeh deyilsiniz. Siz öz işinizi görürsünüz, mən də öz. Siz mənə psixoloji təsir edirsiniz. Sizin bu davranışlarınıza görə intihar da edə bilərəm. Onda nə edəcəksiniz?!" dedim. Evə gəlib atama hər şeyi danışdım. O isə zəng edib "sizə heç kim o haqqı verməyibki mənim uşağımın həyatına qarışasınız" dedi. Zauç atamdan üzr istəyib səhv başa düşdüyünü dedi və həmin gündən sonra mənə normal davranmağa başladı. İndi həmin zavuç da, digər müəllimlərim də makyaj üçün mənim yanıma gəlirlər. Münasibətlərimizdə hər şey yaxşıdır.
Cəmiyyətimizdəki gender rolları barəsində xüsusəndə makyajın qadınlara aid olaraq görülməsi haqqında nə düşünürsən?
Əslində Azərbaycan elə bir ölkədirki elə görülməsi normaldır məncə. Amma mən insanlara çatdırmaq istəyirəm ki, makyaj tək qadınlara aid deyil, həm də kişilərə də aiddir.
Son olaraq oxucularımıza demək istədiyin söz var mı?
Demək istəyirəm ki, hər zaman sevdiyiniz işi görün, başqalarına qulaq asaraq özünüzü məhv etməyin. Əgər sevdiyiniz işlə məşğul olursunuzsa uğur özü sizi tez bir zamanda gəlib tapacaq.
Qeyd edək ki, Alizi instagram sosial şəbəkəsindən izləyərək dəstək ola bilərsiniz: @alizsmakeup
Bunlara da bax:
Comments