Homofobiya (Homo homoseksual sözündən götürülüb eyni deməkdir, fobiya yunan sözü olan φόβος qorxu anlamına gəlir) özündə homoseksual fərdlərə qarşı mənfi fikr və davranışları cəmləşdirən məfhumdur, və özünü müxtəlif yollarla biruzə verir. Bura ikrah hissi, önyarğı, nifrət, antipatiya daxildir. Bütün bunlara səbəb səbəbi olmayan qorxu hissi və ya dini inanclardır. Ayrı-seçkilik və nifrət cinayətləri homofobiyanın sonuncu həddi sayılır və bu hərəkətlər cinsi yönəlim və kimliyə əsaslanaraq qeyri-heteroseksual olduğu düşünülən fərdlərə qarşı törədilir. Homofobiyanın bir neçə növü vardır: təşkilati (institusiyonal) homofobiya, daxili homofobiya, sosial homofobiya vəs.
LGBT+ fərdlərinə qarşı olan mənfi düşüncə və hərəkətlər homofobiya adlandırılsa da, hər birinin daha spesifik adlandırılması mövcuddur. Məsələn, lezbofobiya lezbiyan qadınlara qarşı homofobiya və cinsiyyətçiliyin birləşməsindən yaranmış önyarğı və ayrı-seçkiliyə deyilir. Biseksual insanlara yönəlik nifrət bifobiya, transgender fərdlərə qarşı nifrət isə transfobiya adlanır.
Həmcins cinsi əlaqələrin tarixi Qədim Yunanıstana qədər gedib çıxsada, homofobiya kəlməsi nisbətən yeni meydana gəlmişdir. Psixoloq George Veinberq homofobiya sözünü işlədən ilk şəxs hesab olunur. Beləki, 1969-cu ildə Amerikanın pornoqrafik jurnalı olan “Screw”in 23 may buraxılışında bu söz qeyd olunmuşdu, heteroseksual kişilərin başqalarının onların gey olduqları barədə düşünməsindən qorxularını təcəssüm etdirirdi. 1969-cu ildə nüfuzlu TİME jurnalı homoseksual fərdlərə qarşı olan mənfi rəftarı homofobiya olaraq adlandırdı. 1972-ci ildə sözün müəllifi Veinberq homoseksuallara qarşı psixoloji nifrəti homofobiya adlandırdı və homofobiyanı tibbi qorxu olaraq təsnifatlandırdı.
Günümüzdə homofobiaya irqçilik və cinsiyyətçilik kimi şəxsiyyət pozuntusu olaraq qiymətləndirilir.
Homofobiyanın Növləri:
İnstitusiyonal Homofobiya
Bu növ homofobiyanın səbəbi din və ya dövlət təşkilatlarıdır. Hazırda dünyanın bir çox dinlərində homoseksual münasibətləri pisləyən göstərişlər verilsə də, bu məsələyə neytral yanaşan və hətta üçüncü cinsi tanıyan dinlər də mövcuddur. Hökümət tərəfindən homofobiyanın yayılması halları da institusiyonal homofobiyaya daxildir. Beləki, homoseksuallığın qadağan olunması (70-dən çox ölkə) və hətta ölümlə cəzalandırılması (5 ölkə: İran, Mavritaniya, Səudiyə Ərəbistanı, Sudan və Yəmən), dövlət rəsmiləri tərəfindən nifrət nitqləri (hate speech), və ya ali səviyədə LGBT fərdlərinə qarşı ayrı-seçkilik, zorakılıq təşkilati homofobiya sayılır.
Daxili Homofobiya
Həmcins əlaqəyə girən şəxslərin cəmiyyətdə LGBT fərdlərinə qarşı göstərdikləri nifrət, önyarğı, mənfi davranış və rəftar, stereotiplər və stiqma daxili homofobiya adlanır. Belə hərəkətlərin səbəbi əsasən həmcins əlaqəyə girən şəxslərin cəmiyyətin heteronormativ dəyərlərinə tabe olmaq istəməsi, əksəriyət tərəfindən homofobiya ilə üzləşmək və cəmiyyətdən təcrid olunmaq qorxusudur. Həmin şəxslər həmcins münasibətlərə daxil olsalar belə özlərini homoseksual, bisekusal adlandırmaqdan çəkinirlər və özlərini heteroseksual olaraq qələmə verirlər.
Araşdırmalar homofob şəxslərin daha çox gizli homoseksual olduqları qənaətinə gəlib. 1996-cı ildə Georgia universitetində 64 heteroseksual kişi (özlərini belə qələmə verən) üzərində aparılan araşdırmalar göstərdi ki, homofobik davranışlar sərgiləyən kişilər həmcins əlaqə şəkillərinə homofob olmayanlardan daha həssas yanaşdılar. 2012-ci ildə aparılmış oxşar araşdırma eyni nəticələr ortaya çıxardı. Beləki, homoseksuallığa kəskin qarşı olan ailələrdə böyümüş tələbələr digər tələbələrdən daha çox həmcins münasibətlərə meyillidirlər. Tədqiqatçılar bu araşdırmanın nəticəsinin homoseksuallığa qarşı fətvalar verən din xadimlərinin daha sonra həmcins münasibətlərinin aşkara çıxma səbəbini izah etdiyini deyirlər. Onların sözlərinə görə həmin şəxslər özləri ilə daima mübarizədədirlər. Bu səbəbdən daxillərindəki homoseksuallığı gizlətməyə çalışırlar və bu həyatı gizli yaşayırlar.
Sosial Homofobiya
Digərləri tərəfindən homoseksual olaraq düşünülmək qorxusu sosial homofobiya adlanır. Nəzəriyyəçilər Kalvin Tomas və Judih Butler bəzi şəxslərin homoseksuallara qarşı nifrət göstərməsinin səbəbini həmin şəxslərin şəxsi fikrlərindən daha çox cəmiyyətdə özlərini maksimum homoseksuallıqdan kənar tutmaq cəhdləri kimi qiymətləndirirlər. Homoseksual fərdləri pisləməklə həmin şəxslər özlərini homoseksuallardan mümkün qədər uzaq tutur və beləliklə heteronormativ cəmiyyətdə heteroseksual rollarına sahib çıxırlar və başqaları tərəfindən gey və ya lezbiyan olaraq qəbul edilmək qorxusundan uzaqlaşırlar. Nancy Çodorovun sözlərinə görə homofobiya kişilərin maskulin imiclərini qorumağın yollarından biridir.