top of page

İstanbulda Azərbaycanlı Transseksuallar



Lalə Azərbaycanda öz cinsi kimliyi ilə yaşamaqda çətinlik çəkdiyi üçün Türkiyəyə köçənlərdən biridir, o bura bir ilə yaxındır ki, köçdüyünü deyir.

“Türkiyədə başqa cürdür vəziyyət, imam o gün çıxıb televiziyada deyirdi ki, transları dışlamayın, bəlkə, onlar da imana, dinə gəldilər. Əslində günah olan şey bizi dışlamaqdır. Dışlayırsan, onlar da başqa yollara düşmək məcburiyyətində qalırlar. Ölkəmiz, şəhərimiz gözəldi, hə, amma biz onu görmürük, biz onu yaşaya bilmirik. Azad ölkədə biz azad deyilik”, - deyir Lalə.

İstanbulda insan haqları yürüyüşlərindən birində azərbaycanlı transseksuallara rast gəldim. Əldə etdiyim məlumatlara istinadən deyə bilərəm ki, İstanbulda aşağı-yuxarı 20 azərbaycanlı transseksual yaşayır. Qanuni əsaslarla yaşayanları da var, qaçaq yolla bura yerləşənləri də.

“Burda görürsüz də, bir transı öldürdülər, az qala bütün Türkiyə ayağa qalxmışdı. Amma bizdə belə deyil. Çıxsaq bir dəfə “Torqovı”ya mitinqə, polis salar dubinkanın altına”, bunu deyən isə Gülnardır. O, 2004-cü ilə qədər ikili həyat - gündüzlər kişi, axşamlar qadın görünüşündə yaşasa da, 10 ildir ki, tam qadın həyatı sürdüyünü bildirir.

"Zirzəmidə zəncirlədilər"

“Biz bibiuşaqları, əmiuşaqlarımla bir həyətdə yaşayırdıq. 5 bibim oğlu var, 2 qardaşım. 7 oğlan məni şəhərdə ələm-ələm axtarırdılar. Məni tutdular bir dəfə şəhərdə, döydülər, zəncirlədilər, zirzəmidə saxladılar. 10 gün zəncirdə zirzəmidə qaldım. Axırda bacım gəldi zəncirlərimi açdı, qaçırtdı məni evdən. Ondan sonra sənədlərimi düzəltdim, gəldim Türkiyəyə”.

Gülnar il yarım Türkiyədə qaçaq kimi yaşayıb. Günün birində deportasiya edilməklə 5 il Türkiyəyə girişi yasaqlanıb. Son bir ildə artıq gəlib-getmək haqqı var.

“Burda çıxırsan İstiklal küçəsində gəzirsən, kafedə oturursan, heç kəs dönüb baxmır ki, transvestit var burda. Amma Azərbaycanda dükana çörək almağa gedirsən, 5 dəqiqəlik yolda 50 nəfər söz atır sənə nalayiq-nalayiq”, deyə Arzu qoşulur şikayətlərə.

Arzu özünü kişi kimi hiss etmədiyi üçün ailəsində basqılarla üzləşdiyini və 14 yaşında evdən qaçdığını bildirir. Deyir ki, bir qarnı ac, bir qarnı tox, küçələrdə yaşayıb. Dostlarının köməyi ilə ayağa dura bilib.

"Üzümə durdular"

Bir neçə il əvvəl cinsi kimliyi ilə əlaqədar Arzu Azərbaycanda 2 il müddətinə həbs olunub.


İttiham - ictimai asayişi pozmadır: “Trasda tutdular polislər. Məhkəməmiz oldu, yalançı şahidlərimiz oldu. Şantaj edilərək gətirilmişdilər məhkəməyə. Üzümüzə durdular ki, bununla yatmışam, xəstəlik tutmuşam. Hətta mən həbsdən çıxandan sonra o şahidlərlə yolda üzləşdim. And-aman elədilər ki, bizi təhdidlə gətirdilər məhkəməyə”.

Arzu deyir ki, ictimai asayişi pozmaq maddəsinə cərimə ödəyib çıxa bilərmişlər, amma məhkəmədə xəbər tutub ki, üstünə başqa maddələr də yüklənib: başqasına cinsi xəstəlik yoluxdurma. Arzunun məhkəmə prosesində yadında qalanlar:

"Döşlərini kəsmək lazımdı"

“Azərbaycanda həbsə göndərilən transların saçlarını qırxırlar, silikon döşlərini də çıxartdırırlar. Məhkəməyə gedəndə məndə silikon döşlər deyildi, normal hormon idi. Hakim demişdi ki, onları kəsmək lazımdı. Necə çıxardım mən, o mənim ətimdi axı. Hakim deyirdi ki, qanunsuzdur döşlərin, bir sənədi yoxdur, onu çıxardıb kişi həbsxanasına göndərmək lazımdı. Ona görə məcbur olurdum boş bir şey geyinirdim ki, bəlli olmasın”.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən BBC Azərbaycancaya bildiriblər ki, məhkumların "cinsə görə təsnifatı" onların şəxsiyyətini təsdiq edən sənədləri əsasında aparılır.

"...Barəsində azadlıqdan məhrum etmə cəzası çıxarılaraq azadlıqdan məhrum edilən hər hansı bir şəxs cəzanı icra edən orqan tərəfindən fiziki durumunda hansısa dəyişikliyə məcbur edilmir", - Penitensiar xidmətdən bildiriblər.

"Məhkumların geyimi isə cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir. Cəza-icra Məcəlləsinin tələblərinə uyğun olaraq Penitensiar xidmətin tabeliyindəki bütün müəssisələrdə məhkumlar cəzalarını insan şəxsiyyətinə hörməti tam təmin edən şəraitdə çəkirlər", - xidmətin sözçüsü əlavə edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məhkum transseskualların sayını öyrənmək mümkün olmadı.

Məlumat verildi ki, məhkumlar cinsi oriyentasiyasından asılı olmayaraq, pasportda göstərilən cinsiyyətinə görə həbsxanalara yerləşdirilir. Bu statistikada cinsiyət isə sadəcə qadın və kişi olaraq qeyd olunur.

"Hamı gözümçıxdıya salır"

“Azərbaycanda azadlıqda yaşamaqdansa, həbsxanada qalmaq daha yaxşıdır”, Arzu əlavə edir. Deyir ki, “içəridə” heç kəs onu incitməyib, uzaqlaşdırmayıb: “Həbsxanada sənə bir qadın olaraq daha çox diqqət göstərən kişinin bayırda, azadlıqda dəyişir münasibəti. Cəza evində kişilər daha səmimi idilər mənə. Heç kəs aşağılamırdı məni, rahat idim. Amma azadlıqda qadınlı, kişili, uşaqlı hamı gözümçıxdıya salır”.

“Axşam mənimlə yatağa girir, sabah məni kənardan görəndə dostlarına göstərir ki, “aa, bax, bax, petux”, - Gülnar Azərbaycanda kişilərin transseksuallara münasibətini belə xarakterizə edir.

"Onunla dava etsəm, cavab versəm, mən pis oluram. Biz də susmaq haqqımızı istifadə edirik, cavabsız qoyuruq bu atmacaları, elə bilirlər ki, hər şey deyə bilərlər”, - o deyir.

300 trans

Azərbaycanda yeganə rəsmi LGBT qurumu kimi tanınan Gender və Tərəqqi İctimai Birliyidir. Bundan başqa bir neçə qeydiyyatsız təşəbbüs qrupları da var. Gender və Tərəqqi İctimai Birliyindən Kamran Rzayevin verdiyi məlumata görə, təşkilatda hazırda 300-ə yaxın transseksual açıq qeydiyyatdadır.

Gülnar iddia edir ki, özünü gizlədənlərlə birlikdə bu rəqəm 3 mini aşar.

Azərbaycandan qaçan transseksuallarla söhbətdən məlum olur ki, ən böyük problemləri polislərlə münasibətdir.

“Bu dəqiqə də orda polislər düşüblər transların üstünə. Kimin pulu varsa, maşını, evi varsa, hamısının üstünə narkotik maddə atıb basırlar içəri. Hətta heç siqaret belə istifadə etməyən adamdan narkotik çıxardıblar. Mənə maraqlıdır ki, biz şikayətimizi kimə, necə, nə tərzdə bildirə bilərik? Mən cinsiyyətimdən asılı olmayaraq, bir Azərbaycan vətəndaşı kimi öz hüququmu tələb edirəm”.

Trans qətlləri

Transgender Avropa – müxtəlif təşkilatlardan ibarət şəbəkənin 2008-2013 illəri əhatə edən trans qətlləri hesabatına Azərbaycan sadəcə 2013-cü ildə 2 trans fərdin qətli ilə düşüb.

Gender və Tərəqqi İctimai Birliyinin rəqəmlərinə görə, son 5 ildə transseksuallarla bağlı 3 ölüm hadisəsi qeydə alınıb.

Mətbuatda Daxili İşlər Nazirliyinə istinadən verilmiş və qətlə yetirilənləri “cinsi azlıq” kimi təqdim edən məlumatlara görə çıxardığımız rəqəm isə belədir: 2010-cu ildə 2, 2013-cü ildə 2, 2014-cü ildə isə 1 nəfər öldürülüb.

Lalə hesab edir ki, öldürülən transseksualdırsa, işə ciddi fikir vermirlər:

"2007-ci ildə Zara öldürülmüşdü. Evin içində bıçaqlamışdılar. Adını qoydular ki, müştəri evə gələnə qədər bunu qız bilib. Bütün trans cinayəti törədənlər hamısı deyir ki, mən qız bilib gəlmişəm. Amma yalandı. Transın sahibi yoxdu, itirib-axtaranı yoxdu, ona görə də işi bağlayırlar".

Yuyucular yumadı

“2 ay əvvəl bir dostumuz xəstələndi, vərəm oldu. LGBT təşkilatları heç yaxın durmadı. Xəstəxanada qaldı, öldü. Kimsəsizlər məzarında basdırıldı".

“17 yaşında transı həbs eləmişdilər. Dedilər ki, xəstəsən, aparıb həbsxanaya saldılar. Xəstəni xəstəxanaya apararlar da, niyə həbsxanaya soxursuz”.

“40 yaşında bir trans dostumuz vardı, şəkəri qalxıb, yıxılıb yerə öldü. Onun dəfni üçün translar öz aramızda pul yığdıq basdırdıq. Biz basdırdıq, mən əllərimlə qəbirə qoydum onu. Bizim elə alçaq yuyucularımız var ki, yaxın durmadılar, yumadılar onu. 10 manata yuyurlar, biz 50 manat verdik yumadı. Özümüz yuduq”, - bunları Gülnar deyir.

İş tapmaq çətinliyi

Peşəsindən asılı olmayaraq, transseksuallar Azərbaycanda yalnız seks işçi kimi çalışır. Bu diskriminasiya gün kimi aydın olduğu üçün onlar bəri başdan iş axtarışlarından əllərini üzürlər. Lalə bu fikirdədir:

“Bakıda iş tapmaq bir yana, yaşamaq belə çətindir, yaşamaq. Bayıra çıxırsan, ələ salırlar, gülürlər. İstanbulda belə deyil, ona görə çox gələn var bura”.

26 yaşlı Gülnar İncəsənət Universitetinin rejissorluq və aktyorluq fakültəsində təhsil alıb. Eyni zamanda iddialı aşpazdır. Deyir ki, əlindən hər cür iş gəlir, amma qadın görünüşündə onu işə götürən yoxdu:

“Mənim barmaqlarım qızıldı, bu dəqiqə Türkiyədə istənilən restorana gedim, məni o an işə götürərlər. Amma cinsi azlıqsansa, bunlar işə yaramır”.

"Normal" həyat

Gülnarın fikrincə, seks işçiliyi hər cür təhlükəyə açıqdır, müştəri tərəfindən döyülməkdən tutmuş, polislə problemlərə qədər:

“Ayda 1000 manat maaş versələr, bəsdir mənə. Ev pulum, yemək pulum olsun. Başqa bir şey istəmirəm. Fahişəliyi zorla edirəm. Fahişəlik mənim qanımda deyil ki. Üzr istəyirəm, mən müştəriylə utana-utana yatağa girirəm, utana-utana ondan pul alıram. Normal həyat yaşamaq istəyirəm. Bir sevgilim var, onunla bərabər yaşayım, bu bəsdir mənə”.

Gülnar indi pasportunu dəyişdirməyə hazırlaşır. Cinsini sənəddə qadın yazdırdıqdan sonra hər yerdə işə girə biləcəyinə ümid edir.

“İndi Azərbaycana gedib-gələndə aeroportda söz demirlər bizə. Görünüşüm tam qadın olduğu üçün heç kəs başa düşmür ilk baxışda. Sadəcə pasporta baxanda kişi adı görürlər, bəlkə, bəziləri gülə bilər, amma böyük bir basqı filan olmur, sadəcə təəccüblərini gizlətmirlər ki, bu kişi necə gözəl qadın olub. Ailəmlə də münasibətlərim əladır. Gedirəm-gəlirəm, heç bir problemim yoxdur. İki qardaşım, bir bacım var, indi hamısı normal qəbul edirlər”.

Bütün şikayətlərinə baxmayaraq, Lalə istədiyi vaxt Azərbaycana gedə bilməsindən, dostlarını və ailəsini görə bilməsindən məmnundur.

60 görüntüleme
bottom of page