top of page

"Rənglərimiz fərqli olsa da ürəyimiz təmizdi"- Homoseksual Gəncin Hekayəsi

"Şimal bölgəsində kənd məktəblərinin birində təhsil almışam. Sinif yoldaşlarımla yola getmirdim. Hamı mənim incə səsim ilə, "qız kimi" hərəkət və görünüşümlə məzələnirdi. Həmişə digər uşaqlardan ayrı gəzirdim. Heç kim mənimlə dostluq etməzdi. Məni yanlarına almağa utanırdılar. Qadın müəllimlərin münasibəti normal olsa da kişi müəllimlər də mənə sərt yanaşırdılar. Bütün bunlara dözə bilmirdim. Qırağa çəkilib ağlayırdım, ancaq ağlamaqla sakitləşə bilirdim. Bəzən həftələrlə dərsə getmirdim. Dərdimi heç kimə açıb deyə bilməzdim. Kiməsə şikayət etsəm guya nə olacaqdıki?!"


Nicatın (ad şərtidir) 20 yaşı var. Homoseksual gəncdir. Hazırda gözəllik salonlarının birində makyaj artisti olaraq çalışır. Öz kimliyini 18 yaşında qəbul etsə də lap uşaqlıqdan feminen görünüşünə görə hər zaman ayrı-seçkilik və nifrətlə üzləşib.



"9-cu sinfə başlayanda ailəmlə Bakıya köçdük. Bir neçə məktəb məni qəbul etmək istəmirdi. Axırda məktəblərin birində direktorun yanına özüm getdim. Xahiş etdim ki məni məktəbə qəbul etsin. Razılaşdı. Gördüki pis uşaq deyiləm"


Yeni məktəbində əvvəlkinə baxanda daha yaxşı münasibət görsə də ona qarşı ayrı-seçkilik səngiməmişdi.


"Yeni məktəbimdə münasibət rayondakından daha yaxşı idi amma dəyişən çox şey yox idi. Bura Azərbaycandı axı..."


Məktəb bitirib Nicatı hərbi xidmətdən qayıtdıqdan sonra da Nicatı xoş həyat gözləmirdi.


"Əsgərliyə gedib gələndən sonra ailəm hərəkətlərimdən həmyaşıdlarım kimi olmadığımı bilirdilər. Qardaşım evdə tez-tez dava salırdı. Mənim kimi qardaşı olduğuna görə utandığını, dostlarının yanında xəcalət çəkdiyini deyirdi. Atam və anam da heç vaxt məni dəstəkləmirdilər. Ailəmin belə davranışları dözülməz idi. Hər gün nə qədər dava dalaş olar axı?!"


Bütün bunlar onun evdəkilərlə münasibətini soyutmağa başlayıb və artıq o evdə yaşaya bilməyəcəyini anlayıb.


"Bir gün gecə evdən qaçıb dostumgildə qaldım. Səhəri gün atam zəng edib evə qayıtmağım üçün mənə yalvardı. Mən də qayıtdım"


Evə qayıtsa da evdəki münasibətin dəyişməməsi Nicatı daha ağır addımlar atmağa sövq edib.



"Ailəmin məndən utanması dözülməz idi. Özümü ailəmizə bir ləkə kimi hiss edirdim. Bütün bunlara dözə bilməyib bir gün şüşə ilə damarlarımı kəsdim. Axşam qardaşım məni otağımda qan içində gördü. 2 gün xəstəxanada qalmalı oldum. Vəziyyətim çox pis idi. Çarəsiz idim. Yaşamaq istəmirdim amma ölmədim."


Nicatın bəxti valideynlərinin onu apardığı psixoloqda gətirib. O valideynlərinə hər şeyi başa salıb və Nicatı olduğu kimi qəbul etməklərinə inandıra bilib.


"Psixoloq valideynlərimı dedi ki bu xəstəlik deyil. Onlar buna inanmaq istəməsələr də məcbur idilər."


Hazırda ailəsi onu olduğu kimi qəbul edir lakin keçirdiyi çətin həyat Nicatın yaddaşından silinməyib.


"Keçirdiyim o travmaları hələ də yadımdadı. Unutmaq çox çətindi. İndi öz ayaqlarım üzərində yaşamağa çalışıram..."


Onun oxuculara çatdırmaq istədiyi son mesajı da var:

"Necə xoşbəxtsinizsə elə də yaşayın. Kimlərinsə dediyi kimi yaşayandan bir müddət sonra özümüzü unuduruq, başqalaşırıq. Əsas odur ki rənglərimiz fərqli olsa da ürəyimiz təmizdi"

 

Bunlara da bax:



109 görüntüleme
bottom of page