top of page

"Ölmək istəmirəm"- Orlando Qətliamında Sağ Qalanlar Danışır

Gecə yeni canlanırdı. Məktəbdən yeni məzun olmuş gənc qadın əmisi uşağı və yaxın dostu ilə məzuniyyətini qeyd edirdi. Həmin gecə "Pulse"də "latın gecə"si idi. Salsa və hip-hop ritmləri fonunda qayğısız, dəlicəsinə rəqs edən 3 dost həmin gecə uzun müddətdən sonra bir araya gəlmişdilər. Qucaqlaşıb səhər nə edəcəkləri barədə plan qurmuşdular.


Gecə bitirdi. Saat 2-yə qalır. DJ gecənin bağlanış musiqilərindən birini səsləndirdi. Birdən səs eşidildi. Atəşfəşanlıq? DJ musiqinin səsini aşağı saldı.


Atəş açıldı.

victims of Orlando shooting
Orlando Qətliamının Qurbanları

Bu yazı 49 nəfərin öldürüldüyü, 50-dən çox yaralının olduğu ABŞ-ın Florida ştatının Orlando şəhərində "Pulse" adlı gey gecə klubunda baş verən qanlı terror hadisəsində sağ qalmağı bacarmış şəxslərin xatirələrindən bəhs edir. ABŞ tarixinin ən qanlı kütləvi qırğını kimi yadda qalan və 11 sentyabr hadisəsindən sonra ABŞ-da ən qanlı terror hadisəsi hesab edilən hücum 12 iyun 2016-ci ildə əfqan əsilli ABŞ doğumlu 29 yaşlı Omar Mətinin "Pulse" gecə klubuna silahlı basqını nəticəsində baş verib.

Omar Mateen
Omar Mətin

Əvvəllər 9 il ərzində mühafizəçi olaraq çalışmış Mətin 2009-2011-ci illər arası bir dəfə evli olub və bu evlilikdən 3 yaşlı övladı var imiş. Eks həyat yoldaşı öz ifadəsində Mətinin ona şiddət göstərdiyini bildirib və onu psixoloji xəstə adlandırıb. Sözügedən hadisəyə qədər Mətin haqda Federal Təhlükəsizlik Bürosu (FBI) tərəfindən 2013 və 2014-cü illərdə 2 dəfə sorğu-sual olunub, lakin hər iki halda Mətinin İŞİDlə əlaqələrini təsdiqləyən sübutlar tapılmadığından soruşdurma bağlanıb. Hadisə zamanı Mətinin istifadə etdiyi hücum tüfəngi və əl tapançasının hadisədən 2 həftə öncə Mətin tərəfindən qanuni yolla alındığı məlum olub. Gecə saat 2-də homoseksuallara odlu silahi ilə atəş açmağa başlayan Mətin 3 saat sonra Orlando polisi tərəfindən güllələnərək öldürlüb.


"Boom boom boom"


Canette Makkoy atəş açılanda barın mərkəzində dayanmışdı. "Boom boom boom" o deyir.


Güllələnən divarlardan ayrılan parçalar onu döyəcləməyə başladı. Onun yanında dayanmış qadın güllə ilə vurulub. 37 yaşlı xanım Makkoy yerdə uzanmış insanların üzərindən tullanaraq foyeyə doğru qaçmağa başlayıb. Ona doğru yönələn güllələrdən yayınmaq üçün bədənini gizlətməyə çalışan Makkoy qapıdan çölə çıxmağa nail olur. Çöl isə polislər və yaralı insanlarla dolu idi. "Binanın içərisinə girmələri üçün onlara qışqırdım" o deyir. Birdən ayağından yaralanmış dostu Juanı görür. Köynəyini çıxararaq qanaxmanının qarşısını almaq üçün yaranı köynəyi ilə bərk sıxır.


"O yanımdakı qızı güllələdi"

5 güllə yarası almış Angel Kolon

Angel Kolon qapıya doğru qaçarkən ayağından 3 dəfə güllələnib. Yerə yıxılır və ayağa qalxmağa çalışarkən ora-bura qaçışan insanlar tərəfindən itələnilərək tapdalanır. Onun edə biləcəyi yeganə şey döşəməyə uzanaraq insanların bağırtılarını və güllə səslərini dinləmək olub. Qatil otağı tərk edib və yenidən geri qayıdaraq yerdəki insanların öldüyündən əmin olmaq üçün onları bir daha güllələməyə başlayıb.


"Ətrafı gizlincə nəzərdən keçirdim. O düz yanımdakı qızı güllələdi. Mən hələ də uzanmış vəziyətdə idim. 'İndi məni güllələyəcək. Mən öləcəm' deyə düşünürdüm. Necə oldusa bilmədim, amma xoşbəxtlikdən onun gülləsi mənim başımın yanından keçdi. Amma güllə mənim əlimə dəydi. Növbəti gülləsi isə budumun yanından dəydi. Heç bir reaksiya vermədim. Orada uzanmağa davam etdim. İstəyim sadəcə sağ olduğumu başa düşməməsi idi" cənab Kolon danışır.


Birdən polislər yaxınlaşmağa başladı və onun (qatilin) başı polislərə qarışdı. Polislərdən biri məni qırıq pəncərədən çölə çıxardı.


"Kaşki həmin polisin üzünü ya adını xatırlaya biləydim. Ona çox minnətdaram" Kolon deyir.


"Səni sevirəm"

Santos Rodrigez və həyat yoldaşı Anna Rodrigez

Santos Rodrigez klubdan 120 km məsafə uzaqlıqda yerləşən evlərində video-oyun oynayırdı. Birdən telefonuna böyük qardaşı Ceff tərəfindən mesajlar gəlməyə başlayıb.


"Mən klubda güllələndim... ölürəm, səni sevirəm"

"Ətraf ölü cəsədlərlə doludu... hamıya de ki, onları sevirəm"

"Nə?" Santos cavab yazdı.


Santos deyir ki, onlar bir-birləri ilə tez-tez zarafatlaşırmışlar. O, bunun da bir zarafat olduğunu düçünüb.


Amma Ceff israrla qanadığını deyir.


"Səni sevirəm"


29 yaşlı Santos internətdə hadisə ilə bağlı xəbərlər görür və anlayır ki, bu heç də zarafat deyilmiş. O valideynlərini oyadıb, həyat yoldaşına uşaqların qayğısına qalmağı tapşırıb və Orlandoya doğru yola düşüb.


Saat 7 olmamışdıki, valideynləri 37 yaşlı Ceff Rodrigezin sağ qaldığı xəbərini alıb.

Santos Rodrigez və qardaşı Ceffin qətliam zamanı mesajlaşması

"Tanrı, özün bağışla"


Açılmış güllələrdən yayınmağa çalışarkən Leydiana Puyarena ətrafında yerə yıxılan insanlar tərəfindən dartılıb, hətta ayaqqabısı belə çıxarılmışdı.


33 yaşlı Puyarena yerindəcə donub qalmış bir qadın görür. O qadını aşağı əyərək özü ilə birgə ən yaxındakı tualetə salır. Tualetdə onlarla birgə olan 15 insanın təlaş halında olan səslərini eşidən Puyarena onlara səslərini kəsmələrini əks halda hamının öldürüləcəyini deyib.


O yaralanmış insanların qanına bulaşıb. Birdən atəş səsləri eşidilməyə başlayıb. Qatilin xarici dildə nəsə qışqırdığını eşidib. Və atəş səslərinin get-gedə yaxınlaşdığını hiss edib.


"Tanrım, indiyə qədər nə etmişəmsə məni bağıla" o yalvarıb. "Uşaqlarımın qayğısına özün qal, yalvarıram".


O deyir ki, qatil onlar olan tualetə girməyib. Yarım saat sonra o tualetdəki bir kişi ilə qaçmaq qəraına gəlib. Lakin, onlar qapını açmağa çalışarkən birdən qapı sındırılıb və içəri daxil olan polis onları içərdən arxa qapı vasitəsilə çölə çıxarıb.


O çölə çıxdıqdan sonra topuğunun qanadığını görüb. Bundan sonra başa düşüb ki, o güllələnib və ayağı məhz bundan sonra ağrımağa başlayıb.


"Ölmək istəmirəm"

Norman Kaziano

25 yaşlı Norman Kaziano atəş səsləri eşidəndə döşəməyə uzanıb və klubun arxa tərəfindəki 2 tualetə doğru sürünməyə başlayıb. O təqribən 20 nəfərlə birgə özünü tualetə salmağı bacarıb.


Birdən qanı dayanmadan axan yaralı cavan oğlan özünü tualetin qapısından içəri atıb. İçəridə çoxlu adam var idi və cavan oğlan ağrılar içində qıvrılırdı. Kaziano "bəlkədə o bizi tapmayacaq" deyərək cavan oğlanı sakitləşdirməyə çalışıb.


"O mənim gözlərimin düz içinə baxaraq 'ölmək istəmirəm, ölmək istəmirəm' dedi" cənab Kaziano deyir.


Birdən qatil tualetə girdi. O gülürdü.


"Mən sadəcə bir dəfə açılan atəş səsi eşitdim. Və cavan oğlan gözlərimin qarşısında həyatını itirdi".


Daha sonra qatil tualet kabininə doğru dəfələrlə atəş açıb. Kaziano 2 yerdən yaralanıb. Onunla birgə kabində gizlənən qadın isə 1 dəfə güllə yarası alıb. İçəridəki insanlar ona dayanması üçün yalvarmağa başlayıb. Onlar qatilə onun üzünü görmədiklərini deyərək onu onları buraxmağa inandırmağa çalışıblar. O isə əlindəki silahı ilə kabinin üzərindən bir qrup insana atəş açıb.


Qışqırıqlar kəsilib. İnsanlar yerə yıxılıb. Bəziləri ölmüş kimi davranmağa çalışıblar. Digərləri isə həqiqətən ölmüşdülər.


Qatil tualetdən çıxan kimi Kaziano çıxmaq vaxtı olduğunu anlayıb. Kabindən çıxıb və cəsədlərin üzərindən aşaraq çölə çıxmağa çalışıb. Birdən 1 saatdan çoxdurki binanı mühasirəyə alan polisləri görüb. O xilas olunub.


"İnana bilmirəm"

Məktəbdən yeni məzun olmuş 18 yaşlı Akura Monet Murey 20 yaşlı əmisi uşağı Tiara Parker və yaxın dostu Patiens Karter ilə birgə öz məzuniyətini qeyd edirdi. O Filadelfiyadan Orlandoya bir həftəlik istirahət üçün gəlmişdi.


Murey və Karter klubdan çölə çıxmağı bacarıblar, lakin Parkerin onlarla birgə olmadığını görəndə geri qayıdıblar. "Mən ona dedim ki, biz Parker üçün geri qayıtmalıyıq. Mütləq!" Tiara Parker öz müsahibəsində deyir.


Onlar geri qayıdarkən yolun bağlandığını görüblər. Sınıq tualet pəncərəsindən özlərini tualetin kabininə salmağa çalışıblar.


Bu an qatil tualetə girib və qışqıraraq silahının harasa ilişdiyini deyib. Kabindəki insanlardan bəziləri bu andan istifadə edərək kabinin qapısını açaraq ona hücum etməyə çalışıblar. Elə bu an qatil 3 qadın və digərlərinə atəş açaraq onları yerə sərib..


Karter döşəməyə yıxılıb və ombası əzilib.


Klubun mühasirəyə alınmasından sonra qatil klubda girov qalmış insanlardan ağdərili adamın 9 qaradərilini öldürdüyü Cənubi Karolinada baş vermiş qaətliam haqda məlumatlının olub olmamasını soruşub.


"O bizdən içəridə qaradərili insanın olub olmamasını soruşdu. Mən cavab verməyə çox qorxurdum" xanım Karter deyir. "Mənim də olduğum kabindən bir kişi burada 6-7 qaradərili olduğunu dedi. Bundan sonra qatil 'bilirsiz, mənim qaradərili insanlarla heç bir problemim yoxdur. Bu mənim ölkəmin məsələsidir; siz çox əziyət çəkmisiz' deyə cavab verdi".


"Hər dəfə kiməsə zəng ya mesaj gələndə o, 'hardaydı o səs? telefonu tez mənə verin' deyirdi."


Polislər içəri daxil olmamışdan qabaq sonuncu dəfə qatil atəş açıb. Murey al-qan içində idi. Parker onu sonuncu dəfə polisin onu çölə çıxardığı zaman görüb. Klubdan çıxarılarkən o, Mureyin birinci çıxarılması üçün yalvarıb. Bazar ertəsi, ailəsi onun adını ölənlərin adlarının olduğu siyahıda tapıb.


Karter özünü hələ də günahkar hesab edir. "Kaş ki, Mureye çöldə qalmasını deyərdim" boğunuq səslə o deyir.


Parker baş verənlərin real olduğuna hələ də inanmaqda çətinlik çəkir. O Mureylə planlaşdırdıqları tətil planları haqda düşünür.


"Onun bir gün qapıdan içəri girməyini istəyirəm" Parker deyir. "Onun məni belə tərk edəcəyini düşünməzdim. Hələ də inana bilmirəm".

 

Bunlara da bax:

124 görüntüleme
bottom of page